Konte mətbuatın önündə klub prezidenti ilə söz duelinə çıxdı

“Napoli”nin baş məşqçisi Antonio Konte mövsümün son mətbuat konfransında klub prezidenti Aurelio De Laurentiislə fikir ayrılığı yaşayıb.

Artıq Kontenin Neapol təmsilçisindən ayrılacağı dəqiqləşib. Komanda A Seriyasını turnir cədvəlinin 2-ci pilləsində başa vurub, çempionluq “İnter”ə qismət olub.

De Laurentis mətbuat konfransında bildirib ki, “Napoli” zədələrlə üzləşməsəydi, rahat şəkildə çempion olardı:

“Zədələr olmasaydı, siz çempionluğu asanlıqla qazanardız”.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Konte prezidentin fikirləri ilə razılaşmayıb:

“Qətiyyən yox”.

Klub prezidenti isə israrla mövqeyini müdafiə edib:

“Niyə yox? Mən sizə deyirəm”.

Bunun ardından Konte “İnter”in gücünü xüsusi vurğulayıb:

“Mən tamamilə razı deyiləm. “İnter”ə haqqını vermək lazımdır. Onlar çox güclü komandadır. Keçən il Çempionlar Liqasının finalına çıxmışdılar, bu il isə heyəti daha da gücləndirdilər. Çempionluğu da haqq etdilər”.

De Laurentis isə “İnter”in Avropadakı çıxışını nümunə gətirib:

“Deməli, o qədər güclü komandadır ki, Avropada ötən illə müqayisədə daha zəif çıxış etdilər”.

Konte isə buna belə cavab verib:

“Onlar bizdən daha artığını etdilər. İrəli addım atdılar”.

Daha sonra “Napoli”nin çalışdırıcısı rəqibə hörmət göstərməyin vacibliyini vurğulayıb:

“Mən belə bəhanələrdən yapışmağı sevmirəm. Başqalarının uğurunu qəbul etməli və hörmət göstərməliyik. Hörmət görmək istəyiriksə, özümüz də hörmət etməliyik. “İnter” zədələr olsa da, olmasa da, çempionluğu haqq edib”.

Konte “Napoli” ilə yollarını ayırıb. İtaliya mətbuatının məlumatına görə, onu Mauritsio Sarri (“Latsio”) əvəz etməyə yaxındır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button