
“Napoli”dən Hoylund qərarı
“Mançester Yunayted”dən icarə əsasında “Napoli”də çıxış edən danimarkalı hücumçu Rasmus Hoylund karyerasını İtaliya klubunda davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Covanni Manna məlumat verib. Onun sözlərinə görə, Hoylund artıq komandanın daimi üzvü kimi nəzərdə tutulur.
Neapol təmsilçisi 23 yaşlı forvardı “qırmızı şeytanlar”dan ötən ilin sentyabrında, icarə əsasında heyətinə qatmışdı. Razılaşmaya əsasən, komanda UEFA Çempionlar Liqasına vəsiqə qazansa, Hoylundun birdəfəlik transferi aktivləşəcəkdi. Ancaq klub rəsmisi vurğulayıb ki, futbolçu bu şərtdən asılı olmayaraq, layihənin əsas hissəsidir.
Hoylund cari mövsümdə “Napoli” forması ilə 41 oyunda iştirak edib, 14 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



