“Nəticə oyuna uyğun deyil” – Mahir Emreli

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli bu gün Albaniyaya uduzduqları yoldaşlıq matçından (1:3) sonra jurnalistlərə açıqlama verib.

Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu əvvəlcə komandanın ümumi oyununu dəyərləndirib. O, istədikləri oyunu nümayiş etdirə bilmədiklərini söyləyib:

“Düşünürəm ki, ilk 10-15 dəqiqə istədiyimiz kimi keçmədi. Elə həmin müddətdə qol buraxdıq. Bundan sonra artıq bərabər səviyyədə oyun getdi. Buraxdığımız qolları gördünüz. Rəqib bir qolda nəsə yarada bildi, digər 2 qolu səhvlərimizdən buraxdıq. Bizim də şanslarımız oldu. Şansları daha yaxşı dəyərləndirə bilərdik. Ümumilikdə, komandanın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Məncə, nəticə oyuna uyğun olmadı”.

Mahir artıq Qazaxıstanla oyuna köklənəcəklərini deyib: “Albaniya millisi qol vurduqdan sonra müdafiəyə oturdu. Biz isə müdafiəni yarmaqda çətinlik çəkdik. Mən özüm də uzun müddətdir ki, oynamırdım. Ola bilər ki, komandaya uyğunlaşmaqda bağlı çətinlik çəkdim. Amma uzun müddətdən sonra pis oyun alınmadı. Artıq bu oyun bitdi. Qarşıdakı matçı düşünürük”.

Aldığı zədə səbəbindən 5 ay yaşıl meydanlardan kənarda qalan futbolçu öz oyununu belə dəyərləndirib: “Oyunumun kənardan necə göründüyünü bilmirəm, amma “ac” idim. Həm topla, həm topsuz qaçırdım. Həqiqətən də futbol üçün çox darıxmışdım. Ağır zədə almışdım. Bu oyunlar mənə növbəti mövsümdə çox kömək edəcək. Çünki zədə və digər səbəblərdən 5 ay oynamadım. Yeni mövsümdə daha yaxşı formada olmaq istəyirəm”

Mahir Qazaxıstanla oyunda daha yaxşı çıxış edəcəklərinə inandığını söyləyib: “Bugünkü oyundakı səhvlərimizi təhlil edəcəyik. Çalışacağıq ki, növbəti oyunda səhvlər etməyək. Düşünürəm ki, Qazaxıstanla matç daha yaxşı olacaq”. (qol.az)

Qazaxıstan – Azərbaycan oyunu iyunun 11-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button