MY-nin 3 məşqçisi koronavirusa yoluxdu

İngiltərənin “Mançester Yunayted” klubunun üç məşqçisində koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəbərdə “qırmızı şeytanlar”ın əsas komandasının baş məşqçisi Ule Gunnar Sulşerin köməkçilərindən üçündən götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də onlar 10 günlük karantinə alınıblar. Həmin məşqçilərin adları isə açıqlanmayıb.

Britaniya mətbuatının iddiasına görə, sözügedən məşqçilərin koronavirusa yoluxması hələ ötən həftədən bəlli imiş. Bu üzdən də onlar İspaniya “Real Sosyedad”ı ilə Avropa Liqasının 1/16 final matçına aparılmayıblar.

Qeyd edək ki, “Mançester Yunayted” bu gün Premyer Liqanın 25-ci turu çərçivəsində doğma meydanda “Nyukasl”la qarşılaşacaq.