Murad Musayev: “Futbol belə məqamları ilə gözəldir”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Rəqibi layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm ən güclü komanda idilər. Parlaq şəkildə avrokuboklarda çıxış etmişdilər. Çox yaxşı iş görüblər. Patrik Andrade meydandan qovulanadək rəqib bizdən daha yaxşı və aqressiv oynayırdı. Amma futbol bu cür şeylərlə gözəldir. Bir qovulma hər şeyi dəyişə bilər. Qırmızı vərəqədən sonra qol vura bilərdik. Düşünürəm ki, oyun azarkeşlərin xoşuna gəldi. Çoxlu emosiya var idi”.

Onun sözlərinə görə, komandası ilk hissədə sürətli oynamırdı: “Rəqib asanlıqla pressinq edib topu bizdən alırdı. Bu komandaya qarşı daha aqressiv oynamaq lazımdır”.

Musayev “Qarabağ”ın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib: “Hələlik nəsə demək çətindir. Qrupa düşmək üçün müəyyən mərhələlər keçməlidilər. Qrupa düşməyə qadirdirlər. “Qarabağ” evdə hər rəqibi uda bilər”.

Baş məşqçi “Qarabağ”ın 60 dəqiqə komandasından daha yaxşı oynadığını etiraf edib: “Nəticənin ədalətsiz olduğunu deyə bilmərəm. Rəqib azlıqda qalsa da, təhlükəli epizodlar yaratdı. Bir xal bizim üçün də önəmli idi”.

Musayev “Mövsümün əvvəlində “Sabah”a rəhbərlik etsəydiniz, çempionluğa oynamaq olardımı” sualına bu cür cavab verib: “Bu “Qarabağ”la mübarizə aparmaq çox çətindir. Bəlkə də ilk “3-lüy”ə düşmək olardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button