“Mövsümün ləğv edilməsi daha məntiqli qərar olacaq” – Ferdinand

İngiltərənin “Mançetser Yunayted” klubunun sabiq futbolçusu Rio Ferdinand koronavirus pandemiyası səbəbiylə dayandırılan Premyer Liqayla bağlı fikir bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, cari mövsümün nəticələrinin ləğv edilməsinin məntiqli qərar olacağını deyib:

“İndiki kimi karantində olduğumuz zamanlarda idmanın, ünsiyyətin nə qədər vacib olduğunu düşünürk. Amma nəzərə almalıyıq ki, futbol sadəcə bir oyundur. Bunu nə qədər ciddi qəbul etsək belə, hazırda cəmiyyətdə baş verən hadisələr daha ciddidir. Premyer Liqayla bağlı qarşıdakı həftələrdə qərar verilməsə, mövsüm ləğv edilməli və yenidən keçirilməlidir. Yəqin ki, “Liverpul” azarkeşləri komandalarının çempion olmasını istəmədiyimiz üçün bunu dediyimizi düşünəcək, amma indiki vəziyyətdə insanların, cəmiyyətin sağlamlığı haqqında düşünməliyik. Mövsümün ləğv edilməsi daha məntiqli qərar olacaq. Belə vəziyyətdə heç kim çempionluq qazana bilməz”.

Pandemiya səbəbiylə Premyer Liqa aprelin 30-dək dayandırılıb. Hazırda turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.