
“Mövsümün ən yaxşı oyunlarından birini keçirdik” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sumqayıt”a qalib gəldikləri matç (2:1) haqda danışıb.
Komanda.az xəbər verir ki, baş məşqçi komandasının əzmkarlıq nümayiş etdirərək mövsümün ən yaxşı oyunlarından birini keçirdiyini vurğulayıb.
“İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çox çətin idi, çünki cəmi üç gün əvvəl ağır məğlubiyyətlə üzləşmişdik. Buna baxmayaraq, futbolçular tələblərimizi düzgün anladılar və ilk dəqiqələrdən sona qədər ən yaxşısını etməyə çalışdılar. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Onu da qeyd edim ki, rəqibin qapıçısı bu gün möhtəşəm idi.
“Sabah” – “Neftçi” matçında ev sahibi komandanın start heyətini görəndə məndə müəyyən qədər məyusluq yarandı (gülür). Təbii ki, bu, rəqabətdir və biz də haqlı olaraq rəqabət apardığımız komandaların xal itirməsini istəyirik. “Neftçi”ni ürəkdən təbrik edirəm. Onlar xüsusilə, çempionatın sonuna yaxın meydanda amansız mübarizə apardılar. Həm onlar, həm də biz avrokuboklara getməyə layiq idik. Bütün klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Amma suala qayıtsam, bəli, start heyətini görəndə məndə məyusluq oldu.
Cavid Cəlilovun bu matça təyinatını mən də heç cür başa düşmədim. Aydın məsələdir ki, səhv olub. Maraqlısı odur ki, kim cəzalanırsa, məhz “Zirə”nin oyunlarından sonra cəzalanır. Bunun nə hikmət olduğunu hələ də anlaya bilmirəm. Çempionatın digər oyunlarında başqa səhvlər olmayıb. Bəlkə də, cəzalanıblar, sadəcə biz hiss etməmişik. Amma açıq-aşkar şəkildə cəzalandırılan, Birinci Liqaya və ya Əvəzedicilər Liqasına göndərilən hakimlər həmişə bizim matçlarımızdan sonra olur. Birinci oyunda Cavid Cəlilovun baş hakim, İnqilab Məmmədovun isə VAR hakimi olması çox təəccübləndirici bir məqam idi. Mövzu açılmışkən bir sual da mən vermək istəyirəm: İnqilab Məmmədovun cəzalandırılması nə ilə bağlı idi, mənə çox maraqlıdır. Neçə vaxtdır ki, bu sual ürəyimdədir. Oyundakı əsas problem ofsayd epizodu ilə bağlı idi. Bunu ya yan xətt hakimi görməlidir, ya da VAR qarışmalıdır. Onda elə çıxır ki, baş hakim bundan sonra ofsayd epizodlarına müdaxilə edə bilər. Bu, o anlama gəlir? Passiv ofsayda müdaxilə edə bilər? Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov ofsayda necə müdaxilə edə bilər? VAR-a çağırıldı, ofsayd vermədisə, buna qarışmıram, cəza tətbiq oluna bilər. Amma bu günə qədər başa düşmədim ki, İnqilab Məmmədovun cəzası nə ilə bağlıdır”.
Bizi Facebook-da izləyin



