Millinin baş məşqçisi Yamalın zədəsi haqda: “Hər ehtimalı düşünürük”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, Lamin Yamalın zədəsi barədə fikirlərini bölüşüb.

“Barselona”nın vingeri mövsümün sonuna qədər sıradan çıxıb və yayda keçiriləcək dünya çempionatının startını buraxmaq riski ilə üz-üzədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, De la Fuente, heyət qurularkən bütün mümkün ssenarilərin nəzərə alındığını bildirib:

“Komandanı formalaşdırarkən hər ehtimalı düşünürük. Elə futbolçular var ki, hətta 20 dəqiqədə böyük töhfə verə bilirlər və bu da çox vacibdir. Məsələn, Dani Olmonu (“Barselona”) xatırlayın. O, son Avropa çempionatına qismən zədəli gəlmişdi, demək olar ki, siyahıdan çıxarılacaqdı, amma sonda turnirin əsas fiqurlarından birinə çevrildi”.

İspaniya millisi mundialın qrup mərhələsində ilk oyununu iyunun 15-də Kabo-Verde yığmasına qarşı keçirəcək. Komanda daha sonra 21 iyunda Səudiyyə Ərəbistanı millisi ilə, 27-də isə Uruqvay yığması ilə üz-üzə gələcək.

11 iyun-19 iyul tarixlərini əhatə edəcək DÇ-2026 ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button