Dünya olimpiya təsnifat turnirində iştirak edəcək güləşçilər bilindi

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya olimpiya təsnifat turniri keçiriləcək.

Komanda.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edəcək sərbəst güləş üzrə millimiz bu gün Bolqarıstana yollanıb. Sonuncu lisenziya turnirində baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) çıxış edəcək. Yarışın proqramına əsasən, sərbəst güləşçilər mayın 6-7-də olimpiya oyunlarına vəsiqə uğrunda mübarizə aparacaq.

Güləşin bu növündə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.

Dünya olimpiya təsnifat turnirində olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.