“Matçın sonlarını nəzərə almasaq, hər şeydən razı qaldım”
“Sabah”ın baş məşqçisi Murad Musayev Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Polşanın “Varta” (Poznan) komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra bunları söyləyib:
“Yoxlama oyunu ilə rəsmi qarşılaşma arasında fərq görmürəm. Düzdür, bu cür görüşlərdə uduzmaq olar, amma konsentrasiyanı itirməməliyik. Futbolçu qələbə qazanmaq istəmirsə, gedib başqa idman növü ilə məşğul olsun. Nərd oyununda belə, qalib gəlmək istəyirəm.
Oyunun məzmunu və keyfiyyətindən razı qaldım. Matça nəzarət edir, qol fürsətləri yaradır, rəqibi təzyiq altında saxlayırdıq. İlin ilk oyunu olduğunu nəzərə alsaq, yaxşı təsir bağışladıq. Görüşün sonlarını nəzərə almasaq, hər şeydən razı qaldım. Futbolu qalib gəlmək üçün oynayırıq. Nəzarət 90 dəqiqə sənin tərəfində olursa, matçın sonlarında belə oynamamalısan. Qalan hər şey yaxşı idi”.
Musayev transfer planlarından və cari mövsümdəki hədəflərindən də danışıb: “Hələlik transferlərdən uzağıq. Bizə uyğun gələn futbolçu yoxdur. İzlədiyimiz oyunçuların hansı mövqelərdə çıxış etdiklərini deməyəcəyəm. Hədəfimiz avrokuboklara düşməkdir. Mövsümün ilk hissəsini ümumilikdə yaxşı keçirdik. Keyfiyyət baxımından irəiyə doğru addım atmaq, daha da artırmaq istəyirik”.
Bizi Facebook-da izləyin