“Vulverhempton” yaxşı komandadır, amma…” – Van Dayk

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Vircil van Dayk Premyer Liqadakı çempionluq yarışı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, çempionatın son turunda “Mançester Siti”nin “Vulverhempton”a məğlub olması (0:2) ilə bağlı danışan hollandiyalı futbolçu, bunları deyib:

“Vulverhempton” yaxşı komandadır, amma “Mançester Siti”nin məğlub olacağını gözləmirdim. Xüsusilə də, öz meydanında keçirdiyi oyunda qol vura bilməməsi sürpriz oldu. Amma əminəm ki, baş məşqçi Pep Qvardiola və yetirmələri bu məğlubiyyətdən dərs çıxarıb, toparlanacaqlar.

Biz də bütün oyunlara köklənmək məcburiyyətindəyik. “Mançester Siti” ilə aramızdakı xal fərqini düşünməməliyik. Dekabr və yanvar aylarında çox sıx qrafikimiz var. Bu müddətdə hər şey ola bilər”.

8 turdan sonra 24 xal toplayan “Liverpul” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və “Mançester Siti”ni 8 xal qabaqlayır.