“Mahir cəriməni rahat ödəyə bilər” – Tural Əsgərov

Azərbaycan millisinin və “Dinamo”nun (Zaqreb) futbolçusu Mahir Emreli FİFA tərəfindən cəzalandırılıb və onun futbol fəaliyyətinə qadağa qoyulub. Səbəb onun “Legiya” (Polşa) klubuna olan 100.000 avroluq borcudur. Emreli borcu ödəyənə qədər futbol fəaliyyətindən uzaq qalacaq.

Məsələ ilə bağlı Mahir Emrelinin keçmiş agenti Tural Əsgərov Komanda.az saytına açıqlama verib. O, məsələdən tam agah olmadığını bildirib:

“Hazırda bu məsələdən tam agah deyiləm. Tam bilmirəm nəyə görə “Legiya” onu məhkəməyə verib, məhkəməni niyə uduzub. Uduzmaya bilərdimi? Mahir “Dinamo”ya transfer edilən zaman “Legiya” ilə “Dinamo” arasında razılıq olmuşdu. Çox güman, “Legiya”da sonradan hesablama əldə olunub. Bəlkə də, Mahirin orada yarım il oynadığını və həmin müddətdə ona daha çox pul ödədiklərini aydınlaşdırıblar. 

Yəqin ki, həmin pulu geri istəyiblər, məhkəmə bunu nəzərə alıb və qazanıblar.

Hazırda bu məsələdən tam məlumatlı olmadığıma görə, deyə bilmərəm ki, Mahir uduzmaya bilərdi, ya yox. Dəqiqliyini vəkili, agenti varsa, o bilər. Vəkili də düzgün işləyib, ya işləməyib, bilmirəm”.

Əsgərov bu məsələnin Mahirin “Dinamo”dakı çıxışına təsir etməyəcəyini deyib:

“Bu hadisə Mahirin “Dinamo”dakı durumuna inanmıram təsir etsin. Maaşını göz önünə gətirəndə isə  görmək olar ki, Mahir cəriməni rahat ödəyə bilər. Ödəyəndən sonra “Dinamo”da heyətə düşəcəksə, bu məsələ uzanmayacaqsa, hər şey yaxşı olacaq.

“Legiya” ilə bağlı məsələnin Emreliyə psixoloji olaraq da təsir edəcəyini düşünmürəm”.

Mahir Emreli 2021/22 mövsümünün birinci yarısını “Legiya”da keçirib. 2021-ci il dekabrın 12-də paytaxt təmsilçisi Plotsk “Visla”sı ilə Ekstraklasanın 18-ci tur oyunundan qayıdılan vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Emreli və Lukinyası döyüblər. Nəticədə, azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb “Dinamo”suna keçib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button