
“Mançester Yunayted”də bəzi anlarda mənə qarşı hörmətsizlik var idi”
“Betis”in vingeri Antoni “Mançester Yunayted”dən ayrılarkən yaşadığı çətinliklərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bəzi məqamlarda özünə qarşı hörmətsizlik hiss etsə də, klubdan heç kimə qarşı kin saxlamadığını bildirib:
“Mən hörmətsizlik hiss etdim” deyəndə, söhbət yalnız baş məşqçidən deyil, bəzi digər insanlardan da gedir. Amma konkret ad çəkmək istəmirəm. Mübahisələrə girməyi, kiminləsə polemika aparmağı sevmirəm. Sadəcə, proses çətin idi.
Komanda səhərlər məşq edirdi, mən isə saat 5-də tək çalışırdım. Bu səbəbdən, komanda ilə ünsiyyət qura bilmirdim. Son oyunumdan üç-dörd ay keçmişdi. Buna baxmayaraq, özümə yaxşı baxdığım üçün “Betis”ə gələndə ideal formada idim və ilk matçda 90 dəqiqə oynaya bildim.
Bəli, bəzi anlarda hörmətsizlik var idi, amma bu da həyatın bir parçasıdır. Mən heç kimə qarşı kin saxlamıram. Bu təcrübə mənə daha dözümlü və müdrik olmağı öyrətdi. Mançesterdə yalnız çətin günlər yox, gözəl anlar da yaşadım, çox yaxşı insanlarla tanış oldum. Bu, mənim üçün yaxşı bir təcrübə idi və indi “Betis”də olduğuma görə çox xoşbəxtəm”.
Bizi Facebook-da izləyin



