“Qarabağ”ın 4 qol vurduğu, Ronaldonun “kartof sahəsi” adlandırdığı stadiona görə ultimatum FOTO

Lüksemburqun “Düdelanj” klubu Avroliqada APOEL-lə qarşılaşacağı oyunu öz stadionunda keçirməyə bilər.

Komanda.az “lessentiel.lu” saytına istinadən xəbər verir ki, buna səbəb, “Düdelanj”ın ev oyunlarını keçirdiyi “Jozi Bartel” stadionunun ot örtüyünün yararsız vəziyyətdə olmasıdır. UEFA bununla bağlı kluba ultimatum verib.

“Jozi Bartel” stadionunun ot örtüyünün dəyişdirilməsi 150 min avroya başa gəlir və işlərin yekunlaşması APOEL-lə oyuna qədər çatdırıla bilməz. “Düdelanj”ın prezidenti Roman Şumaxer UEFA nümayəndəsi ilə danışıqlar aparmağa çalışdığını açıqlayıb və ona stadionun ot örtüyünün bir qismini dəyişdirməyi təklif edib. Bu isə 50 min avroya başa gəlir.

Stadionda bu vəziyyətdə iki oyun keçirilib. Biri “Sevilya” ilə Avropa Liqası matçı (2:5), digəri isə Portuqaliyanın AÇ-2020-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşdığı oyun (2:0). Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo oyundan sonra bu stadionu “kartof sahəsi” adlandırmışdı.

“Qarabağ” Avropa Liqasının A qrupunda “Düdelanj”, APOEL və “Sevilya” ilə mübarizə aparır. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ı 4:1 hesabıyla məğlub etmişdi. “Düdelanj”la matçda “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilmişdi. Nəticədə, oyunda fasilə yaranmış və matç 24 dəqiqədən sonra davam etdirilmişdi.

Avroliqanın A qrupu çərçivəsində keçiriləcək “Düdelanj” – APOEl matçı noyabrın 29-da olacaq. Qrupun digər oyununda “Qarabağ” səfərdə “Sevilya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button