“Layiqli qələbə qazandıq” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 4-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk hissə bir az gərgin keçdi. Öz oyunumuzu göstərə bilmədik. Müdafiədə səhvlərimiz oldu və cəmi 1 qol epizodu yarada bildik. Yalnız Davit Volkov hissənin sonlarına yaxın fərqlənməyə yaxın oldu.

İkinci hissədə daha yaxşı oynadıq. İlk turlardakı oyunumuzu sərgiləməyə başladıq. Psixoloji üstünlük bizim tərəfimizə keçdi və rəqibin müdafiədəki boşluqlarından yararlanıb, düşünülmüş hücumlarla istədiyimiz qolları vurduq. Bu qələbəyə görə çox şadam. Layiqli qalibiyyət əldə etdik. Sadəcə, oyunun məsuliyyəti bizi bir az sıxırdı. Ümid edirəm ki, qarşıdakı turlarda bu hal təkrarlanmayacaq”.

39 yaşlı baş məşqçi Coy Lens Mikelsin qol vurduqdan sonra rəqib komandanın azarkeşlərini təxribata çəkməsinə də toxunub: “Həmin epizodu görmədim. Bunu bilərəkdən etdiyini düşünmürəm. Əlbəttə, rəqib azarkeşlərin qarşısında qolu bu cür qeyd etmək düzgün deyil. Mikels sevincini bu formada göstərməməli idi”.

Musayev qarşıdakı günlərdə yeni transferin ola biləcəyini istisna etməyib: “Bir oyunçu almaq istəyirik. Zədəlilərimiz var. Alınsa, bir futbolçu götürmək niyyətindəyik. Amma nəzərə alaq ki, zədəlilərdən başqa 22 oyunçumuz var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button