
“Kəpəz” ətrafında narazılıq artır: “Məqsədiniz Azər Bağırovun göndərilməsidir?”
“Kəpəz” Azərbaycan Premyer Liqasının 29-cu turunda dünən səfərdə “Şamaxı”ya 0:2 hesabı ilə məğlub oldu. Bu nəticə ilə Gəncə təmsilçisi artıq ardıcıl dörd turdur ki, nəinki qələbə, hətta xal üzünə belə, həsrət qalıb.
Komandanın zəif çıxışı azarkeşlərin narazılığını daha da artırıb. İstənilən hava şəraitindən asılı olmayaraq hər oyunda komandasını dəstəkləyən gəncəlilər artıq açıq şəkildə narazılıqlarını bildirirlər. “Nə qədər olar” sualı tribunaların əsas şüarına çevrilib.
Matçlardan sonra vəziyyət daha da gərginləşir. Azarkeşlər futbolçuları və baş məşqçi Azər Bağırovu tribunanın qarşısına çağıraraq sərt suallar ünvanlayırlar: “Niyə oynamırsız? Məqsədiniz Azər Bağırovun göndərilməsidir? Nədir dərdiniz?” Onlar Bağırovu dəstəkləsələr də, komandanın zəif oyunu, xüsusilə də, motivasiyanın aşağı olması geniş tənqid olunur.
Hadisələri işıqlandırarkən çəkiliş aparmağımıza azarkeşlər tərəfindən icazə verilmədiyi üçün prosesi telefonumuzun kamerasını söndürərək izləməli olduq. Təxminən 10–12 dəqiqə davam edən söhbətlərdən aydın oldu ki, azarkeşlər komandanın Premyer Liqada qalması ilə kifayətlənmək istəmir, daha məzmunlu və mübariz oyun tələb edirlər. Səsləndirilən fikirlərdən belə başa düşdük ki, növbəti turda “Sumqayıt”la Yevlaxda keçiriləcək oyun “Kəpəz” azarkeşləri üçün taleyüklü, demək olar ki, ölüm-qalım matçı kimi dəyərləndirilir. Həmçinin, klub daxilində baş məşqçi Azər Bağırov ətrafında yenidən şayiələr güclənib. O, rəhbərliklə münasibətlərinin yaxşı olduğunu desə də, hansısa fikir ayrılığı hiss olunur.
Ötən mövsümün sonunda rəhbərliklə fikir ayrılığı olan Bağırov komandadan ayrılmaq məcburiyyətində qalmışdı. “Sükan” Adil Şükürova tapşırıldı və qısa müddətdə səhvə yol verdiyini anlayan “Kəpəz” rəhbərliyi yenidən Azər Bağırovu xilaskar rolunda gördü və geri qaytardı. Bağırov 2025/26 mövsümünün ilk 6 turundan sonra xala həsrət qalan Gəncə komandasını yenidən qəbul etdi. Onun əsas məqsədi “Kəpəz”i Premyer Liqada saxlamaq idi və bu işin öhdəsindən gəlməyə yaxındır. Amma fanatlar daha çoxunu istəyir və yeni mövsümdən ev oyunlarını doğma arenalarında keçirəcəyi deyilən komandanın daha əzmkar olmasını tələb edirlər. Onda tribunalardakı azarkeşlərin sayı da çoxalacaq, tələbi də artacaq. Bəs, onda necə olacaq? Ona görə də, “sarı-göylər”ə könül verən azarkeşlər sanki indidən əl-ayağa düşüb və sevimli komandalarının toparlanmasını istəyirlər.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



