
“Neftçi” rəsmisi: “Klubumuzun iddialarına cavab verən mütəxəssislə işləmək istəyirik”
“Neftçi” Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə “İmişili”yə 2:3 hesabı ilə məğlub olduqdan sonra “ağ-qaralar”ın rəhbərliyi baş məşqçi Samir Abasovla yollarını ayırdı.
Baş məşqçi məsələsində yenilikləri və yeni çalışdırıcının türkiyəli ola biləcəyi barədə deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq.
Klub rəsmisinin Komanda.az-a açıqlaması belə oldu:
“Yeni baş məşqçi məsələsi ilə bağlı çalışmalar davam edir. Namizədlər arasında həm yerli, həm də əcnəbi mütəxəssislər var. Klub rəhbərliyi “Neftçi”nin hədəflərinə uyğun məşqçi gətirmək niyyətindədir. Kifayət qədər geniş və keyfiyyətli futbolçulardan ibarət komandamız var. Komandamızın profilinə uyğun gələn, klubumuzun iddialarına cavab verən mütəxəssislə işləmək istəyirik. Bu istiqamətdə işlər yekunlaşan kimi ictimaiyyətə rəsmi açıqlama verəcəyik”.
“Neftçi” Premyer Liqanın 13-cü turunda, sabah səfərdə “Turan Tovuz”la qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



