
“Keyfiyyətli oyunçulara ehtiyacımız var” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbə haqda bunu deyib:
“Oyunçularımızı təbrik edirəm. Çətin oyun olmasına baxmayaraq, sona qədər mübarizə apardılar, dözdülər, xarakter göstərdilər. “Turan Tovuz”a uğurlar arzu edirəm.
Ramil Şeydayev işgüzarlığı ilə seçilən oyunçudur. Bu gün də ona ehtiyac var idi. Amma bəli, ona az şans veririk.
Juninyonun bura gəlmək şansının olduğunu düşünmürəm. Çünki çox yaxşı çempionatda çıxış edir. Az qol vursa da, vacib qollar vurur. Amma gəlsə, “yox” demərəm. Maraqlandığım futbolçular da var, lakin onların sahibləri var. Hazırda bütün mövqelərə ciddi baxış gedir və istəyirik ki, sayımızı artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli və güclü oldu. Keyfiyyətli oyunçulara ehtiyac var. Oyunçularımızın hazırda istirahət etməyə vaxtı yoxdur. “Sabah”la, “Neftçi” ilə, “Turan Tovuz”la oyun və sair. Hər biri yüksək səviyyəli oyunlardır.
Təbii ki, daha yuxarı səviyyədə olmaq istəyərik. Daha böyük turnirlər həmişə daha çox məsuliyyətlidirlər. Azarkeşlərimizin istəkləri bizim üçün çox önəmlidir. Bu bizdən asılı olan bir şey deyil. Hər bir turnirdə çox təhlükəli oyunçular, klublar var. Düşünürəm ki, biz oyun baxımından Çempionlar Liqasına layiq idik. Məşqçi olaraq, Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyimizdən rahat idim. Amma təbii ki, heç nəyə zəmanət yoxdur. Ölkədən kənara çıxdınsa, tamam başqa stresdir, məsuliyyətdir. Burdakı səhvlər orada qəbul edilmir. Yenə də, xeyirlisi”.
Baş məşqçi hücumçu Musa Qurbanlının zədəsi haqda da danışıb:
“Bir az vaxt lazım olacaq. O gün məşqdə də ağrı hiss etmişdi. Amma dünənki məşqdə normal idi. Sabah hər şey məlum olacaq. Fikrimcə, xroniki zədədir”.
Nəzrin
Bizi Facebook-da izləyin



