Kasko sığorta – Rəşad Sadıqov

Rəşad Fərhadoğlu

Avropada ən dəbdə olan nəmənə sığorta sahəsidi. Almaniyanın, İsveçin və başqa adlı-sanlı ölkələrin şirkətləri bu sahədə “at oynadırlar”. Bizdə isə heç ulaq oynadan da yoxdu. İstisna “Qarabağ”dı. Kimisi pul verib evini, avtomobilini, burnunu, ombasını sığortaladanda, Ağdam təmsilçisi müdafiə xəttini yüngülvari xərclə neçə illərdi sığortaladıb. Özü də kasko sığorta.

Rəşad Sadıqov Kiprdəki oyunu ilə sığorta sahəsində dünya nəhənglərindən geri qalmadığını sübut etdi. Əslən Kiçik Qafqaz dağlarından olduğundan, dağ kimi oynadı, hətta buludların keçidinə belə yol vermədi. Ad-sanına uyğun oynadı. Ara-sıra keçidinə aman vermədiyi buludlar kimi guruldayaraq, komanda yoldaşlarının da ayıq-sayıq olmasını təmin etdi. Son bir ay ərzində ölkədə məşhurlaşmış Rəşad adını bu dəfə fərqli müstəvidən cəmiyyətə göstərdi.

Ümumiyyətlə, Sadıqovun futbolçu olması dünyanın ən qeyri-adi olaylarındandı. Bu insan ya dövlət xadimi, ya da hərbçi olmalı idi. Olmadı. Onun futbolçu olması Azərbaycana nə qazandırıbsa, qeyd etdiyim peşələri seçməməsi nəticəsində, ölkəmizə dəfələrlə artığını itirdib. Xarizmatikdi və bu, hər nəyə desən, dəyər.

Vaxtını xatırlamıram, amma “Komanda” qəzetinin “İlin futbol adamları”nı mükafatlandırmaq üçün tədbir keçirdiyi yadımdadı. Həmin vaxt “İlin futbolçusu” kimi Rəşadın adını qeyd etmədim. Qısa müddət sonra adı olub, özü qalmayan, Bakının gecə klublarını fırlanan adam adı çəkdim. İnsafən, həmin vaxt pis təsir bağışlamırdı. Adını çəkdim ki, bəlkə məsuliyyət dərk edə, daha da artıra. “Zəfəran söhbəti” oldu…

Sadıqov incik düşmüşdü bəndənizdən. 50 dəfə fikrimi izah etdim, xeyri olmadı. Halbuki hazırda hər il keçirilən “İlin adamı” nominasiyasında fərqli şəxslər görürük, lakin ölkənin 3-cü prezidenti, rəhmətlik Heydər Əliyevin kölgəsində qalır özündən sonrakılar. Bu, faktdı. Sadıqov Rəşadın da statusu fərqli deyil. Hər kəs gəldi-gedərdi, amma o… Təbii ki, əbədi deyil. Heç əbədi olmasını özü də istəməz, dini və dünyəvi görüşünə ziddi. Ancaq adını Azərbaycan futbolu tarixinə həkk etdirdiyi dəqiqdi.

“Qarabağ”dan söhbət açmışıqsa, Tahir bəydən də danışaq. Süleymanovu demirəm, işləmir-eləmir, onun nəyindən danışım axı?! Bu aralar özünü “klavyatura Allahı” elan edib, “feysbuk”u söküb-yığmaqla məşğuldu. Söhbət açmaq istədiyim şəxs “Qarabağ”ın Gözəlidi – Tahir Gözəl. Manatın “ceyran belində” olduğu vaxtlar idi. Neftin qiyməti var idi, “Neftçi”nin dəyəri yox. “Qarabağ”ın təşəbbüsü ilə bir qrup əhli-qələm Tahir bəylə Bakı restoranlarının birində görüşdü. Gah şeir oxudu, gah qəzəl dedi, amma tipik azərbaycanlılar kimi nağıl danışmadı, reallıqlardan söhbət açdı. Nağıla önəm verməməsidi ki, hazırda komandası Avropada Azərbaycanı təmsil edir. Məhz Azərbaycanı təmsil etdiyindəndi ki, gec-tez “iç üzümüzü” göstərməsə yaxşıdı. “Sükan”da əyləşənlər hələ ki, pis idarə etmirlər. Azca Elxan Məmmədovun yanında təcrübə keçsələr, hər şey daha “mükəmməl” olar. Görək də, Allah sonunu xeyirli etsin!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button