
Salah danışmadığı üçün tənqid olundu
“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager komandanın hücumçusu Məhəmməd Salahın klubdakı mövcud vəziyyət haqqında danışmamasını tənqid edib.
Bu mövsüm Premyer Liqada 12 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan misirli futbolçunun susqunluğu Karragerin narazılığına səbəb olub. O, hazırda Premyer Liqada turnir cədvəlinin 12-ci pilləsində qərarlaşan “Liverpul”da ağır məğlubiyyətlərin ardından liderlərin məsuliyyət daşımalı olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Karrager son turda “Nottingem Forest”ə 0:3 hesablı məğlubiyyətdən sonra komandanın kapitanı Vircil van Daykın verdiyi açıqlamanı nümunə göstərərək, Salahın da eyni addımı atmalı olduğunu bildirib:
“Van Dayk belə oyunlardan sonra daim çıxıb danışır. Bu, kapitan kimi onun borcudur. Amma miks zonada klub adından danışa biləcək başqa futbolçular da olmalıdır. Bir il əvvəl Salah öz müqavilə durumunu açıq şəkildə dilə gətirirdi. Mən isə onu yalnız matçın ən yaxşısı seçiləndə və ya yeni sözləşmə istəyəndə eşidirəm.
Salah komandanın liderlərindən biridir. Mən istəyirəm ki, o da irəli çıxıb komanda adından danışsın”.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



