
Kamilo Duran: “Mövsümün sonunda nə baş verəcəyini deyə bilmərəm”
“Qrabağ” bu gün Azərbaycan Premyer Liqasının 31-ci turunda “Qəbələ”nin qonağı oldu.
Qarşılaşmadan sonra Komanda.az saytına açıqlama verən “köhlən atlar”ın hücumçusu Kamilo Duran “Qəbələ” ilə heç-heçə (1:1) etdikləri oyunu dəyərləndirib, komandanın durumu və öz gələcəyi ilə bağlı danışıb.
Kolumbiyalı futbolçu çətin oyun keçirdiklərini bildirib:
“Çətin oyun olacağını bilirdik. Təəssüf ki, alınmadı. İndi dincəlib növbəti oyuna hazırlaşmalıyıq”.
Duran, son vaxtlar “Qarabağ”ın əvvəlki oyun ruhunu itirməsi ilə bağlı fikirlərlə razılaşmır. Onun sözlərinə görə, komanda hələ də hər matça qələbə üçün çıxır:
“Qətiyyən belə deyil. Hansı komanda qələbə qazanmaq istəməz ki? “Qarabağ” həmişə qələbəyə öyrəşmiş komandadır. Sadəcə, bəzən istədiyin alınmır”.
Son vaxtlar transfer xəbərlərində adının hallanmasına da münasibət bildirən futbolçu, hazırda bütün fikrinin “Qarabağ”da olduğunu deyib:
“Klubla iki illik müqaviləm var. Mövsümün sonunda nə baş verəcəyini deyə bilmərəm, amma bu kluba bağlıyam”.
O, Azərbaycan kubokunun finalında qarşılaşacaq “Sabah”la “Zirə”dən heç birini dəstəkləməyəcəyini (“Sabah” qalib gələcəyi halda “Qarabağ” Avropa Liqasına, əks halda isə Konfrans Liqasına gedəcək) bildirib:
“Mən heç bir komandanı dəstəkləməyəcəm. Güclü olan qalib gəlsin”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



