“Bu anın dadını çıxarmaq üçün hələ qarşımızda 4 oyun var” – Konte

İtaliya A Seriyasında sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirən “İnter”in baş məşqçisi Antonio Konte açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, skudettonu qazanmaqları ilə bağlı bunları deyib:

“Düşünürəm ki, bu mövsüm əldə etdiyimiz inkişaf komandaya çempionluğu qazandırdı. Bu anın dadını çıxarmaq üçün hələ qarşımızda 4 oyun var.

Komanda inkişaf edir. Hər zaman hücum etmək və ya müdafiə olunmaq olmur. Hər şey rəqibinizə göstərəcəyiniz təzyiqlə bağlıdır.

Bu çempionluğu yaxınlarıma, ailəmə həsr edirəm. Mənə dəstək olan, inkişafımda önəmli rolu olan Qabriele Orialiyə təşəkkür edirəm”.

“İnter” A Seriyasında 34 turdan sonra 82 xal toplayaraq, sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.