Mahir Emrelinin yarımçıq qalan “hekayələr”i

Fəxri Rüstəmli

Azərbaycan millisinin hücumçusu və hazırda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”də legioner həyatı yaşayan Mahir Emrelinin Avropa karyerası sanki bitməyən bir “başlanğıclar silsiləsi”nə çevrilib. Hər dəfə yeni klub, yeni ümid, yeni səhifə, amma nəticə isə çox vaxt eyni: yarımçıq qalan hekayə.

Mövsüm başa çatır və Mahirlə bağlı yenə də eyni sual yaranır: Niyə hansısa klubda möhkəmlənə bilmir?

28 yaşlı futbolçu baş məşqçi Torsten Liberknextin planlarına daxil deyil və klub yayda onunla yolları ayırmağı düşünür. Yəni, yenə tanış ssenari: uyğunlaşmayan planlar, alınmayan start və yarımçıq qalan hekayə.

Əslində, Mahirin Avropa macərası artıq təkcə “talant və potensial” söhbəti deyil. Polşadakı müəyyən mənada uğurlu dönəmdən sonra (“Legiya”) ondan gözləntilər böyük idi, amma ardınca gələn illər bir növ daimi dəyişikliklər zəncirinə çevrildi. Klubları əlcək kimi dəyişir, amma sabit yerini hələ də tapa bilmir.

Onun şəxsən özündən eşitdiyim “bacardığım qədər Azərbaycana qayıtmayacam və nə imkanım varsa, legioner həyatı yaşayacam” cümləsi ilk baxışda iddialı və hətta təqdirəlayiq səslənir. Çünki hər futbolçu “rahat zona”nı tərk edib, “isti yerini soyuğa çevirib”, Avropada qalmaq riskini seçmir. Və bu baxımdan Emrelinin qərarı hörmət doğurur. Ancaq görünən odur ki, istəkləri ilə imkanları üst-üstə düşmür Mahirin.

Futbol romantika ilə yox, nəticə ilə danışır. Sən nə qədər “Avropada oynamaq istəyirəm” desən də, əsas sual budur: oynayırsanmı, yoxsa, sadəcə, sistemlərin arasında yox olub gedirsən? Rəqəmlər də bunu göstərir: mövsüm ərzində cəmi 12 rəsmi oyun! Qol və məhsuldarlıq baxımından da gözləntilərdən uzaq bir mənzərə. Bu, hücumçu statusu üçün yetərli deyil!

İndi isə yenə eyni ssenari: ayrılıq ehtimalı, yeni klub axtarışı, yeni ümidlər… Görünən odur ki, Mahir üçün “Kayzerslautern” dönəmi də sona yaxınlaşır. Və bu artıq təsadüf yox, təkrarlanan karyera modelidir. Yaş isə artıq “sıfırlama mərhələsi” üçün ideal deyil. Futbolda 28 yaş çox vaxt pik dövr sayılır. Belə görünür ki, Mahir üçün bu yaş özünü təsdiqləmək baxımından son çağırışlardan biridir.

Kəsəsi, futbol təkrarçılığı uzun müddət bağışlamır. Çünki sonda qalib gələn çox klub görən yox, bir yerdə özünü sübut edən olur. Bu isə “çox gəzən, çox bilər” məsəlinə heç bənzəmir, Mahir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button