“İnanıram ki, elə bir komanda yaradacağıq, hər bir azərbaycanlı bu komanda ilə fəxr etsin”

Aprelin 13-dən Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan U-20 millisinin baş məşqçisi Ruy Jorjenin bu gün jurnalistlər üçün brifinqi keçirilib.

Komanda.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, portuqaliyalı çalışdırıcı hazırlıqla bağlı bunları bildirib:

“Toplanış yaxşı keçir. Bu iki həftəlik toplanışdan çox razıyıq. Oyunçulardan istədiklərimizi ala bilmişik. Bu toplanışda məqsədimiz oyunçularla tanışlıq idi.

Futbolçuların yanaşmalarından razıyam və görürəm ki, istəklidirlər. Hamı hücumameyilli futbol oynamaq istəyir. Çalışacağıq ki, bu istiqamətdə hazırlaşaq. Amma bizim üçün əsas olan keyfiyyətdir.

Keçmiş əcnəbi baş məşqçilər barədə nəsə deməyim düzgün deyil. Mən buradayam ki, oyunçuların keyfiyyətlərini artırmağa çalışam. İnanıram ki, elə bir komanda yaradacağıq, hər bir azərbaycanlı bu komanda ilə fəxr etsin. Bu, mənim üçün çox vacibdir.

Bilirik ki, dünya çempionatında təşkilatçı ölkə kimi çıxış edəcəyik. Sözsüz ki, digər komandalarla aradakı fərq böyükdür. Çalışacağıq ki, məşqlərlə bu fərqi aradan qaldıraq.

Bura gələndə bir fikrimiz var idi ki, hansı məşqçilərlə davam edək. Amma Qəbələdə keçirdiyimiz müddətdə bütün məşqçi heyətindən və buradakı şəraitdən çox razıyam”.

Aprelin 26-dək keçiriləcək toplanış Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FİFA U-20 dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button