
“İmişli”dən baş məşqçisi ilə bağlı rəsmi AÇIQLAMA
Son günlər mətbuatda “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya ilə mövsümün sonunda yollarını ayıracağına dair xəbərlər yayılıb. İddia olunur ki, bölgə təmsilçisi portuqaliyalı mütəxəssislə danışıqlarda ortaq məxrəcə gələ bilməyib.
Xəbərin doğruluğunu aydınlaşdırmaq üçün “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu ilə əlaqə saxladıq. Klub rəsmisinin Komanda.az-a açıqlaması belə oldu:
“Baş məşqçi Jorj Kaşkilya ilə bir illik müqaviləmiz hələlik qüvvədədir və o, komandadakı fəaliyyətini uğurla davam etdirir. Klub olaraq diqqətimiz mövsüm üçün müəyyənləşdirilmiş hədəflərə çatmağa yönəlib.
Müqavilənin gələcəyi ilə bağlı qərar isə çempionat başa çatdıqdan sonra veriləcək. Mövsümün sonunda vəziyyət qarşılıqlı razılıq əsasında dəyərləndiriləcək və yekun qərar ictimaiyyətə rəsmi şəkildə açıqlanacaq. Yəni, dəqiq verilmiş qərar yoxdur”.
Cari mövsümdə Azərbaycan Premyer Liqasında debüt edən “İmişli”, sona üç tur qalmış topladığı 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Komanda növbəti mövsümdə də elitada çıxış edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



