“İki qardaşın millidə birgə oynaması adi məsələ deyil” – Rüfət Dadaşov

Futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov açıqlama verib.

Komanda.az “Liga3 Online”-a istinadən xəbər verir ki, Almaniyanın “Proyssen” klubunda forma geyinən futbolçu, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki çıxışını və öz oyununu dəyərləndirib:

“Xorvatiya, Macarıstan, Slovakiya və Uelsin yer aldığı çətin qrupumuz var. Ancaq son matçlarda rəqiblərimizdən geri qalmadıq, məğlubiyyətlər minimal hesablı oldu. Vitse-çempion Xorvatiya ilə 1:1 hesablı heç-heçə önəmli nəticədir. Kiçik futbol ölkəsi kimi hər bir məqamı səbirsizliklə gözləyirik.

Meydanda daha çox vaxt keçirmək istəyərdim. Üstəlik, biz bir hücumçu ilə müdafiə futbolu oynayırıq. Ona görə də, çox vaxt əsas heyətdə mənə yer tapılmır. Amma oynamaq üçün hər şey etməyə hazıram. Bəhreyni 3:2 hesabı ilə məğlub etdiyimiz oyunda nəyə qadir olduğumu göstərdim və qol vurdum”.

Hücumçu, “Vulverhempton”un şərəfini qoruyan qardaşı Renat Dadaşovla bağlı da danışıb:

“İki qardaşın millidə birgə oynaması adi məsələ deyil. Onunla görüşə bilmədiyimiz üçün yığmanın heyətində birgə olmağımız ikiqat xoşdur. Renatın böyük potensialı var və düşüncə olaraq da böyüyüb. O, yeniyetmə yaşlarındakı səhvlərindən dərs çıxarıb və indi daha intizamlıdır. İngiltərə Premyer Liqasında çıxış edən klub onunla boşuna müqavilə bağlamayıb. Ona peşəkar karyerasında inanıram. Bütün ailəmiz onu dəstəkləyir”.