İki “Qarabağ”

Rəşad Ergün

“Qarabağ”ın əsas komandası kimi dünən klubun 19 yaşlıları da UEFA Gənclər Liqasında oyuna çıxmışdı. Əsas komandanın “Napoli”yə 0:2 hesablı məğlubiyyəti kimi, U-19 da Neapol klubundan olan həmyaşıdlarına eyni hesabla uduzdu. Amma “böyük” “Qarabağ”la “kiçik” “Qarabağ” arasında çox fərq var. Qurban Qurbanovun baş məşqçisi olduğu “köhlən atlar” Çempionlar Liqasında “Benfika”, “Kopenhagen” kimi komandaları udub, “Çelsi”dən xal alırsa, 19 yaşlılarda vəziyyəti təsvir etmək üçün əlinə dəsmal götürüb, gözünə sıxmalısan.

“Qarabağ”ın 19 yaşlıları UEFA Gənclər Liqasında keçirdiyi bütün oyunlarda – beş matçın hamısında məğlub olub. Komanda turnir cədvəlində yalnız “Budo-Qlimt”in 19 yaşlılarını qabaqlayır. Ağdam təmsilçisinin U-19 komandası 35-ci, “Budo-Qlimt” 36-cı – sonuncudur. Bu da yalnız buraxılan topların sayına görədir. “Qarabağ”ın 19 yaşlıları UEFA Gənclər Liqasında 22 top buraxıbsa, bu, Norveç komandasında 27-dir. Amma əvəzində “Qarabağ”ın “fəxr edə biləcəyi” bir göstəricisi var: Komanda UEFA Gənclər Liqasında hamıdan az qol vurub: cəmi-cümlətanı 1 qol! Vurulan 1 qol, buraxılan 22 top. Bu, Azərbaycan futbolunun, elə “Qarabağ”ın öz gələcəyinin də necə “parlaq”, “işıqlı” olmasından xəbər verir.

Azarkeşləri anlamaq olar, “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışı ruhlarını oxşayır, qəlblərinə sevinc doldurur, jurnalistlər kompüter qarşısına keçib, “Çelsi”, “Napoli” kimi rəqiblərlə oyunları təhlil etmək üçün baş sındırırlar, əmək sərf edirlər. Amma bu “Qarabağ” Azərbaycan futbolunun bu günüdür, o “Qarabağ” – U-19 – isə sabahı. Bu “Qarabağ”da oynayan legionerlərin hamısı gün gələcək, çıxıb başqa klublara gedəcək, evlərinə dönəcək. O “Qarabağ”da oynayanların çoxu isə azərbaycanlı uşaqlardır və onlar… Gələcəkdə Azərbaycan futbolunun yükünü çiyinləri üzərində daşımalıdırlar. Ya da, Azərbaycan futbolunun üzərində qalacaqlar. UEFA Gənclər Liqasındakı fiasko hansısa yükü daşımaq yox, özlərini özlərindən əvvəlki yerli futbolçular kimi Azərbaycan futbolunun üzərinə yıxacaqlarına işarədir.

Hə, bu uşaqlar, bu gənclər “Qarabağ”ın özünün də, bizim milli komandamızın da gələcəyidir. Ölkənin ən uğurlu klubunun gənclər komandası bu gündədirsə, Azərbaycan futbolunun gələcəyi nə gündə olacaq?

Təbii ki, məsələ təkcə “Qarabağ”ın U-19 komandası deyil. Azərbaycanlı futbolçulardan ibarət hansı komandamız yaxşı vəziyyətdədir ki? Hətta, “Qarabağ” illərdir akademiya inşa etmək üçün özünə yer, ərazi tapa bilmir. Klub ən azı gələcəyi düşünüb, addım atmaq istəyir. Amma illərdir elə həmin “Qarabağ”ın uğurlarının “çörəy”ini yeyib, qələbələrinə çəpik çalanlar kluba akademiya üçün yer ayrılması yönündə tükünü də tərpətmir.

İtirən isə həmişəki kimi, Azərbaycan futboludur. Bu gün yox… Bu gün “Qarabağ” Qurban Qurbanovun müstəsna əməyi, zəhməti və legionerlərinin keyfiyyəti sayəsində boşluğu doldurur, insanların üzlərinə təbəssüm, qəlblərinə sevinc gətirir. Sabah isə Azərbaycan futbolu üçün heçlikdir, boşluqdur, yoxluqdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button