
“Qarabağ” Kuakuya görə peşman olub?
“Qarabağ” 2025/26 mövsümünün əvvəlində Portuqaliyanın “Mafra” klubundan yarımmüdafiəçi Kris Kuakunu böyük ümidlərlə heyətinə qataraq rotasiyanı genişləndirməyi hədəfləmişdi. Ağdam klubu onunla 2+2 illik müqavilə imzalamışdı.
UEFA Çempionlar Liqası, Azərbaycan Premyer Liqası və ölkə kubokunda paralel mübarizə aparan “köhlən atlar” üçün geniş və keyfiyyətli heyət hər zaman prioritet olub. Ancaq Fil Dişi Sahilindən olan futbolçu baş məşqçi Qurban Qurbanovun gözləntilərini doğrulda bilmədi. Artıq görünən odur ki, Ağdam təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin transferinə görə müəyyən mənada peşmandır. Kuaku Qurbanovun start “11-liyində” möhkəmlənə bilmir və mövsümü demək olar ki, ehtiyat oyunçular skamyasında keçirir. O, “Qarabağ”ın ölkə kubokunda keçirdiyi iki matçın hər ikisinə start heyətdə başlasa da, bu qarşılaşmaların heç birində 90 dəqiqə meydanda qala bilmədi. Premyer Liqa oyunlarında da mənzərə aşağı-yuxarı oxşardır. Gah start heyətdə meydana çıxır, sonradan əvəz olunur, gah da ehtiyatdan oyuna qoşulur. Heç cür sabit oyun nümayiş etdirə bilmir ki, bilmir.
Daha diqqətçəkən məqam isə Kuakunun adının UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”a qarşı keçiriləcək matçlar üçün iştirak ərizəsindən çıxarılmasıdır. Onun yerinə uzun müddət ağır zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan Kadi Borgesin adının siyahıya daxil edilməsi çox şeydən xəbər verir. Bu qərar Qurban Qurbanovun artıq Kuakunu planlarından çıxardığının mesajı ola bilər.
Kəsəsi, adətən hər transferi xırdalığına qədər incələyən, təhlil edən “Qarabağ” görünür, bu dəfə seçimində yanılıb. Kuakunun transferi gözləntiləri doğrultmadı və artıq indidən uğursuz keçid kimi qiymətləndirilir.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



