Tanınmış menecer: “Cəfərquliyevin Bundesliqada oynamağa potensialı var”

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin gələcəyi ilə bağlı yayılan xəbərlər gündəmdə qalmaqda davam edir. Son günlərdə 25 yaşlı futbolçunun adı bir neçə klubla, hətta Almaniyanın “Auqsburq” komandası ilə də hallanır. Mövsümün sonunda intizamsızlıq səbəbindən “köhlən atlar”ın əsas heyətindən uzaqlaşdırılan oyunçunun karyerasının növbəti mərhələsi hələ də sual altındadır.

Bu iddialar fonunda “Elvin “böyük beşlik” klublarından birinə keçə bilərmi və onun Bundesliqa səviyyəsində oynamaq potensialı varmı” sualları ilə tanınmış menecer Vaqif Heydərlinin fikirlərini öyrəndik. Heydərlinin Komanda.az-a açıqlaması belə oldu:

“Cəfərquliyevin adı bir çox klublarla hallanır. Açığı, “Auqsburq”u eşitməmişəm, nə dərəcədə real olması ilə bağlı məlumatım yoxdur. Digər klubların maraqlanmasını da elə mətbuatdan oxuyuram.

Elvinin səviyyəsi artıq bəllidir hər kəsə. Almaniya Bundesliqasında oynamağa potensialı var. Oynayıb-oynamayacağı, təbii ki, getsə, alınsa, ondan sonra bilinər. Amma belə, potensialına görə Elvin onsuz da beynəlxalq oyunlarda da, “Qarabağ”ın son illərdə – xüsusən, avrokubok matçlarında özünü ən yaxşı tərəfdən göstərən futbolçularından biridir. Fərqi yoxdur, yerli və ya legioner ayırmadan, ən yaxşılardandır. Təbii ki, Elvinin potensialı var. Ona uğurlar arzulayıram və çox istəyərəm ki, yaxşı və daim oynayacağı kluba getsin”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button