
Ayxan Abbasov İliçlə münaqişə haqda: “Kənardan danışmaq çox asandır” – MÜSAHİBƏ
“Şamaxı” noyabrın 30-da, Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sumqayıt”ı (1:2) qəbul etdi. Qarşılaşma hər iki komandanın baş məşqçisinin qırmızı vərəqə alması ilə yadda qaldı.
Belə ki, “kimyaçılar” ikinci qolu vurduqdan sonra komandanın baş məşqçisi Saşa İliç emosiyalarına hakim ola bilməyib, qolu çılğın şəkildə qeyd etdi. Serbiyalı çalışdırıcı bundan əlavə, rəqib komandanın (“Şamaxı”) ehtiyat oyunçular skamiyasına tərəf qaçaraq, xoşagəlməz jest də nümayiş etdirdi. Buna dözməyən “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov İliçin üzərinə hücum çəkərək, cavab vermək istədi.
Bu və digər məsələlərlə bağlı “Şamaxı”nın və Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Komanda.az-a müsahibə verib:
– “Sumqayıt”la son matçda rəqibin baş məşqçisi Saşa İliçlə yaşanan insident böyük müzakirə yaratdı. Özünüzü günahkar sayırsız?
– Günahkar hamımızıq. Gərək soyuqqanlılığımızı qoruyaq, bu kimi şeylərə yol verməyək. Rəqib qol da vura bilər və bunu emosional şəkildə qeyd də edə bilər. Baş məşqçilər bunda sərbəstdir. Amma rəqib tərəfə hansısa hərəkət etmək, əlbəttə ki, bu qıcıq yaradır. Üstümüzə gəldi, məcbur idik. Mən reaksiya verməsəydim, komandam reaksiya verəcəkdi. Və mən istəməzdim ki, komandamızdan kimsə həmin anda qırmızı vərəqə alsın. Gərək buna yol verməyək. Əlbəttə, burda hamımız günahkarıq.
– Həmin epizoda daha soyuqqanlı şəkildə yanaşıb, emosiyalara qapılmayıb Saşa İliçə baş qoşmaya bilərdiz?
– Kənardan danışmaq çox asandır. Hər bir insanın öz emosiyası, öz səbri var. Və kənardan hər şey asan görünür.
– Hakimlərin həmin epizoda reaksiyasını necə qiymətləndirirsiz? Sizcə, qərar ədalətli idi?
– Məncə, qərar ədalətli deyildi. Çünki mən əvəzetmə edirdim və orda futbolçuları da tələsdirirdim ki, sarı vərəqə almasınlar. Və onun (Saşa İliç) mənə tərəf gəlməsi… Düşünürəm ki, “sarı” ilə kifayətlənə bilərdik. Məncə, burda dördüncü hakim qərarı verməli idi, baş hakim həmin epizodu görmürdü.
– Komandanızın “Sumqayıt”la matçdakı performansını insidentsiz götürəndə, necə dəyərləndirərdiz? İstədiyiniz oyunu görə bildiz?
– Komanda yaxşı mübarizə aparır. Belə götürsək, qola kimi böyük bir çətinliyimiz yox idi. Rəqib əvəzetmə etdi, daha keyfiyyətli oyunçular meydana girdi. Bizim ehtiyat oturacağımız da bilirsiz ki, gənc heyətdir. Olur, amma oyun baxımından bu gün biz hər bir rəqibə qarşı mübarizə aparırıq, aparacağıq da. Zatən qarşımıza qoyulan məqsəd budur, bilirik. Bu il bizim üçün bütün oyunlar çətin keçir. Məncə, pis performans göstərmədik, amma xal qazanmadığımıza görə təəssüflənirəm ki, ən azı bir xala layiq idik.
– Qış transfer pəncərəsində hansı mövqeləri gücləndirməyi düşünürsüz? Artıq danışıq apardığınız futbolçular varmı?
– Yox hələ. Qış transfer pəncərəsi haqqında fikirləşmirik. Çünki bu haqda fikirləşməyə heç vaxtımız da olmayıb. Billirsiz, bəlli büdcəmiz var. Büdcəmiz kifayət edəcək-etməyəcək, bu barədə hələ danışığımız olmayıb.
– Komandanızın mövsümün ikinci yarısına hazırlığı nə vaxta planlaşdırılıb? Qış fasiləsində xüsusi məşq planı və yoxlama oyunları nəzərdə tutulub?
– Əlbəttə, fasilə olacaq. Futbolçularımız bu dövrənin yorğunluğunu çıxarmalıdırlar. Yanvarın 4-5-i məşqə başlamağı planlaşdırırıq. Yoxlama oyunları olacaq, plan hazırdır. Klub bu barədə məlumat verəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



