“Hər bir idmançıda motivasiya daxilində olmalıdır” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” layiqli qələbə qazandı. Onların güclü tərəflərinə qarşı istədiyimiz arqumentləri qoya bilmədik. İlk hissənin ortalarınadək bərabər oyun getdi. Rəqib qapısı qarşısında yaxşı fürsətlərimiz oldu. Lakin qol buraxdıqdan sonra kəskin və aqressiv deyildik. Sonda bu, bizə bərabərlik qolu vurmaq üçün yetərli olmadı. Fərqlənə bilməməyimizdə də bu amil çatmadı”.

O, “Sabah”ın Ağdam klubunun futbolçularının adından çəkindiklərini etiraf edib: “Oyunun gedişatı elə idi ki, daha aqressiv çıxış edə bilərdik. Hətta müsbət nəticə də əldə etməyimiz mümkün idi. 0:5 hesabı ilə uduzmaq da olar. Sadəcə, mental cəhətdən hazırlıqlı deyildik. Daha aqressiv, daha cəsarətli oynamalı idik. Bu da məşqçilərin işidir. Mən məsuliyyəti üzərimdən atmıram”.

Musayev real qol vəziyyəti yarada bilməmələrinin səbəblərini də açıqlayıb: “Bunun birinci səbəbi rəqibin gücündədir. Digər tərəfdən, bəzi epizodlarda düzgün oynamadıq və rəqibə hədsiz hörmətlə yanaşdıq. Həm də hazırda optimal heyətimiz yoxdur. Xuan Kamara 3 oyundan, Kristian Sebalyos isə 4 aydan sonra meydana çıxdı. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi bizi çətin vəziyyətə saldı. Limitə görə, mərkəz müdafiəçimiz yox idi. Ona görə iki əvəzləmə etməli olduq ki, limit pozulmadıq. Bu məqam olmasaydı, hücumu gücləndirmək üçün meydana daha bir futbolçu da buraxa bilərdik”.

Baş məşqçi deyib ki, son oyunlarda qış fasiləsindən əvvəlki kimi çıxış edə bilmirlər. O, hücumçu Coy-Lens Mikelsin də bu səbəbdən, meydanda pis təsir bağışladığını diqqətə çatdırıb: “Üstəlik, rəqiblər onun oyun üslubunu yaxşı öyrəniblər. Fikrimcə, Mikelsin çıxışındakı geriləmə bununla bağlıdır. Əminəm ki, ümumi oyun keyfiyyətimizi yüksəldəndən sonra onun daha çox qol imkanı olacaq”.

Gənc mütəxəssisin fikrincə, “Sabah”ın hazırkı durumunda futbolçuları motivasiya etməyə ehtiyac yoxdur: “Motivasiya ilə bağlı sual qəribədir. Motivasiyan yoxdursa, futbolu qurtar, get, başqa sahədə çalış. Hər bir futbolçu ilə danışsan, deyəcək ki, inkişaf etmək, xaricə getmək, millidə oynamaq istəyirəm. Lakin bunun üçün hər gün məşqlərdə və oyunlarda çalışmalısan. Kimdəsə motivasiya yoxdursa, ümumiyyətlə, bura gəlməsin. Bu mövsüm ola bilsin, nəyisə etmək bir az çətin olacaq. Amma mövsümün qalan hissəsi göstərəcək ki, kiminlə davam edə bilərik, kiminlə yollarımızı ayıracağıq. Hər bir idmançıda motivasiya daxilində olmalıdır. İdmançısansa, kişisənsə və özünə inamın varsa, hətta məşqlərdə, ikitərəfli oyunlarda belə, udmağı düşünməlisən. Təkcə futbolda deyil, hətta nərddə də, kartda da”.

Baş məşqçi Rusiya – Ukrayna müharibəsi ilə hər iki ölkədə azad agent statusu verilmiş futbolçuların komandaya cəlb olunma variantına da toxunub: “Rusiyadan çətin ki, oyunçu gətirmək mümkün olsun. Çünki onların müqavilələri yüksəkdir. Buna görə də maliyyə cəhətdən çox çətindir. Bəzilərinə müraciət etmişdik. Hazırda onları gətirmək mümkün deyil. Amma dayanmayacaq, bu istiqamətdə işimizi davam etdirəcəyik. Ukraynadan da oyunçu gətirmək olar. Bu istiqamətdə çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button