“Fiorentina”dan “Kasımpaşa”ya

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Fiorentina” klubundan yarımmüdafiəçi Valentin Eysserik ilə Fransa “Loryan”ının hücumçusu Umut Bozoku transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Eysserik ilə 2 illik müqavilə imzalanıb. O, 2017-ci ildən “Fiorentina”da çıxış edirdi. Florensiya təmsilçisi əvvəllər onu “Nant” və “Verona”ya icarəyə də verib. 29 yaşlı yarımmüdafiəçi geridə qalan mövsümdə “Fiorentina”nın heyətində meydana çıxdığı 18 matçda 2 qol vurub. Fransız futbolçu əvvəllər “Monako”, “Nitsa” və “Sent-Etyen”də də forma geyinib.

Umut Bozok isə “Loryan”dan satınalma şərti ilə 1 illik icarəyə götürülüb. 24 yaşlı forvard 2019-cu ildən bu klubun uğurları üçün çalışırdı. O, Fransada “Mets”, “Atletiko” (Marsel), “Nim” və “Trua” kimi klublarda da çıxış edib. Umut vaxtilə Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında, həmçinin U-21-də də forma geyinib.

“Kasımpaşa” öz yetirmələrindən Evren Eren Elmalı ilə də yeni müqavilə bağlayıb. 21 yaşlı müdafiəçi yeni sözləşməyə əsasən 2025-ci ilin yayına qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək. O, geridə qalan mövsümdə Super Liqada 4 oyuna çıxıb.