
Ferdinand Mourinyonu müdafiə etdi
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Benfika”nın baş məşqçisi Joze Mourinyonun “Real”ın vingeri Vinisius Junior barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Madrid təmsilçisi ötən həftə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Benfika” üzərində 1:0 hesablı qələbə qazanıb. Vinisius qarşılaşma zamanı baş hakim Fransua Leteksierə müraciət edərək lissabonluların yarımmüdafiəçisi Canluka Prestianninin forması ilə ağzını tutaraq onu “meymun” adlandırdığını bildirib. Prestianni isə ittihamları rədd edib.
“Benfika”nın baş məşqçisi Mourinyo matçdan sonra belə demişdi:
“Nəsə düzgün deyil. Vinisiusun oynadığı hər stadionda mütləq hansısa hadisə baş verir”.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Ferdinand bu açıqlamanın baş məşqçini irqçi kimi göstərmədiyini vurğulayıb:
“Düşünürəm ki, bir müddət sonra Joze oturub deyəcək ki, bəlkə də, səhv etdim. Amma bu sözlər onu irqçi etmir. Mourinyo dünyanın müxtəlif yerlərindəki qaradərili futbolçular üçün çox iş görüb və bir çoxu ona ata kimi baxır. Məncə, onda irqçilikdən əsər-əlamət yoxdur”.
UEFA insidentlə bağlı araşdırma başladaraq “Benfika”nın futbolçusunu avrokubok oyunlarından müvəqqəti kənarlaşdırıb.
Bizi Facebook-da izləyin



