Emreli ilə Şeydayevi müdafiə etməlimi, etməməlimi?

Vüqar Məmmədov

“Fənərbaxça”nın baş məşçisi Erol Bulut klubdan göndərildi. Mən burda onun İstanbul klubundakı fəaliyyətinə qiymət vermək fikrində deyiləm. Başqa bir mətləbdən yazacam.

Deməli, bir neçə gün öncə, Erol Bulutun klubda işlədiyi vaxt internetdə təsadüfən qarşıma Türkiyə kanallarının birində getmiş, “Beşiktaş” – “Fənərbaxça” derbisi sonrası müzakirələrə aid bir video çıxdı. Deməli, ekranda “Fənər”in qapıçısı Altay Bayandırla baş məşqçisi Erol Bulutun yan-yana qoyulmuş fotoları var – Altay ağlayır, Erol Bulut isə gülür. Bu foto sən demə, sosial şəbəkədə geniş yayılıb, ordan da ekrana daşınıb. Şəkildəki mesaj budur ki, “Fənərbaxça”nın “Beşiktaş”la bərəbərliyə qalması Altaya təsir edib, ona görə ağlayır, Erol Bulutun isə vecinə olmadığından gülür. Aydın məsələdir ki, sosial şəbəkədə bu cür şəkli görən sadə “Fənərbaxça”lı Altayı necə lazımdır öyəcək, Erolu isə tənqid edəcək. Məhz belə də olub. Azarkeşlərin əksəriyyəti şəkli qeyd etdiyim kimi rəyləndiriblər. Bunun ardınca, geniş müzakirəyə səbəb olan bu şəkli televiziya kanalı da müzakirəyə çıxarıb. Həmin verilişdən olan və mənim də rastıma çıxan videodan görünür ki, Türkiyənin tanınmış futbol yorumçusu, “Fənərbaxça”lı Emre Bol da camaata qoşulub, bu şəklə görə Erol Buluta nəyi var “döşəyir”. Bir növ odun üstünə yağ tökür. Baxmayaraq ki, məşqçinin dostu olduğunu da deyir.

Əslində az-çox təcrübəsi, savadı olan hər kəsə aydındır ki, bu fotolar nəticə çıxarmaq üçün əsas ola bilməz. Qapıçı gəncdir, oyunda bir neçə qurtarış edib və oyundan sonra, emosional vəziyyətdə göz yaşlarını tuta bilmir. Erol Bulut isə təcrübəli adamdır, yəni yaşı-başı var. Neyləməlidi, o da ağlamalımı idi? Oyunun gedişinə baxsaq, “Fənərbaxça” məğlubiyyətdən qaçıb, hələ üstəlik son dəqiqələrdə qələbə qazanmaq şansları da oldu. Çempionatın liderinə qarşı oynayıb, üstəlik səfərdə. Hardasa sevinməsi də məntiqlidir. Bundan başqa, insan əsəbdən də gülə bilər.

Amma əsl səbəb bu deyil. Düşünürəm ki, bir baş məşqçi hətta məğlub olsa, daxilən ağlasa belə, emosiyalarını büruzə verməməlidir. Çünki liderdir. Eyni sözləri istənilən rəhbər şəxsə aid etmək olar. Bir lider üçün ağlamaq bir yana dursun, üzgün görünmək, üzünə kədərli mimika vermək çarəsizlik görüntüsü yaradır. Lider isə ən çətin şəraitdə belə, emosiyalarını büruzə verməməlidir. Ona görə ki, bütöv bir komandanın gözü ondadır, ümid yeri kimi baxır. Lider komandasının da izləyə biləcəyi bir videoda pessimist görünə bilməz. O, daxilən nə qədər üzgün olsa da, zahirən gümrah, nikbin görünməlidir ki, komandanı növbəti matça kökləyə bilsin. Çarəsiz görünsən, demək ki, bitmisən, artıq sən bu komandanı arxanca apara bilməzsən.

Düşünürəm ki, nə demək istədiyim aydındır. Sıradan bir oyunçu olan qapıçı ilə hər şeyə cavabdeh məşqçinin şəkillərini müqayisə edib hansısa nəticəyə gəlmək, aydındır ki, səhv yanaşmadır. Futboldan məlumatlı və az-çox həyat təcrübəsi olan istənilən adam bu şəkillərə baxanda, yuxarıda qeyd etdiyim nəticəyə gələ bilər. Bunun üçün alim olmaq lazım deyil. Düşünmürəm ki, Emre Bol kimi populyar bir yorumçu bunu bilməmiş olsun. Baxmayaraq ki, o, məşqçi işləməyib və yəqin ki, haçansa, hardasa liderlik də etməyib. Amma yenə də, hər halda, düşünürəm ki, Bol, bu kimi xırda nüansı bilməmiş deyil. Görünür ki, o, Bulutun göndəriləcəyi barədə bilirmiş və buna görə də, vurulmuş adama son zərbələrdən birini endirir.

Təkrar edirəm, sosial şəbəkədə sadə azarkeş şəkillərə bəsit münasibət bildirə bilər. Amma futbolu peşəkar şəkildə müzakirə edən tanınmış bir yorumçu məsələyə belə sadə, azarkeşsayağı yanaşmamalı, düzgün diaqnoz qoymağı bacarmalıdır. Lakin bu ona sərf edirmi?

Bəs niyə Emre Bol həqiqətin yanında olub, Erol Bulutu müdafiə etmədi, əksinə, axına qoşulub dostu adlandırdığı məşqçiyə zərbə endirdi? Çünki ona həqiqət lazım deyil. Onun öz həqiqəti var. Öz həqiqəti isə bundan ibarətdir ki, Emre Bol çalışdığı telekanala işləyir. Ona klubun inkişafı yox, təlatüm, çalxalanma lazımdır ki, əlində mövzu olsun. Durub həmin şəkli lazımi şəkildə izah etsə, bu, həmin hay-küyü sıfırlayacaq, bu isə ya Emreye, ya da işlədiyi telekanala sərf etmir. Hər şey qaydasına düşsə, verilişə baxanlar azalır, reytinq düşür, nəticədə kanala reklam gəlmir, bu da sonda aparıcının gəlirinə təsir edir. Nəyinə lazımdır sosial şəbəkədəki axına qarşı gedib düz olanı söyləmək?

Məhz bu səbəbdən yorumçu lazımi taktikanı seçir və boşluqlar axtarıb həmin yerə zərbələr endirir. Onun məşqçinin üstünə getməsi “Fənərbaxça”da klubdaxili atmosferə mənfi təsir göstərir. Amma onun üçün fərqi yoxdur. Əslində bəlkə də, düz edir. Çünki klubun inkişafı üçün cavabdehlər var, hansı ki, ordan maaş alır. O isə maaş aldığı, çörək yediyi subyektə qulluq göstərməlidir.

Görünür, elə bu cür addım düzgündür. Sənin şəxsi marağın hardadısa, ora işləməlisən. Yəqin ki, peşəkarlıq da budur – öz maraqlarından çıxış etmək. “Fənər”i müdafiə etmək, burda qayda, nizam, atmosfer yaratmaq isə təkrar edirəm, klub rəhbərliyinin və burdan digər maaş alanların borcudur. Emre Bolun durub “Fənər”ə ağıl verərək nizam yaratmağa cəhd etməsi peşəkarlığa ziddir. Çünki bu klubda nələrinsə nizama düşməsinə yardımçı olmaq, hər şeyin qaydasında getməsi idman jurnalistlərinin olduğu camiyəyə sərf etmir. Ona görə ki, hər şey qaydasında olsa, “tema” olmayacaq.

Əlavə edirəm, bu yazdıqlarım bir halda keçərlidir ki, televiziya yorumçusu liderliyin nə demək olduğunu bildiyi halda, bunu görməzdən gələrək bir fotoya obyektiv deyil, subyektiv qiymət versin. Bunun əksi isə daha pisdir. Yəni yorumçu adi bir fotonun düzgün izahını verə bilmirsə, onda futbolun populyar olduğu ölkələrdən birinin mediasını yüksək dəyərləndirmək olmaz.

Bu sətirləri yazarkən “facebook” mənə xatirlatdı ki, iki il öncə, yığmada göstərdiyi oyununa görə Ramil Şeydayevlə Mahir Emreliyə olan tənqidlərə qarşı gedərək, onları “gəncdir, gələcəkləri var, bu qədər üstlərinə getməyək” deyə, müdafiə etmişəm. İndi yuxarıdakı sətirləri yazdıqdan sonra düşünürəm ki, bəlkə də, peşəkarlıq baxımından bu, düzgün deyil. Sən çalxalananı daha da çalxalamalısan. Gənc futbolçunun inkişafı isə vecinə olmamalıdır. Bununla o özü maraqlanmalı, öz üzərində işləməli və sənə tənqid üçün şans verməməlidir. Şans veribsə, bunu fürsət bilib dəyərləndirməlisən. Yəni “döşəməlisən”.

Peşəkar yalnız fərdi maraqlarını düşünməlidir. Müasir yanaşma indviduallığı, özünü düşünməyi tələb edir. Cəmiyyəti düşünmək sosial yanaşmadır. Bu cür yanaşma da sosializm sistemi ilə getdi və deməli, bu cür düşünmək, məsələlərə bu şəkildə yanaşmaq köhnəlib. İnad edib belə mövqe sərgiləyənlərin, yəni qarşılığını gözləmədən özünü yox, cəmiyyəti düşünənlərin isə böyük ehtimalla, fərdi durumları qaydasında deyil. Burda “el üçün ağlayan iki gözündən olar” məsəli lap yerinə düşür. Bəlkə də, həqiqətdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button