AFFA PFL-in səlahiyyətlərini azaltsa, bundan kim nə qazanacaq?

Fəxri Rüstəmli

Martın 3-də AFFA-nın 2025-ci il üçün illik Hesabat Konfransı keçirildi və bu toplantı ölkənin futbol ictimaiyyəti tərəfindən diqqətlə izlənilən hadisələrdən biri idi. Açığını desək, tədbirin təşkili və ümumi atmosferi əvvəlki illərlə müqayisədə daha sistemli və peşəkar təsir bağışladı. Çıxışlar ardıcıl idi, suallar cavabsız qalmırdı, rəhbərlik isə proseslərdən xəbərdar olduğunu nümayiş etdirirdi. Bir sözlə, ölkə futbolunun ali idarəedici qurumunda uzun müddət tənqid olunan başdansovdu yanaşmanın müəyyən qədər arxa planda qaldığını hiss etmək olurdu.

Amma bu mənzərənin fonunda diqqətdən qaçmayan bir detal da var idi. Və məhz həmin detal müəyyən suallar yaratdı.

AFFA-nın prezidenti Rövşən Nəcəf çıxışında Peşəkar Futbol Liqasının (PFL) fəaliyyətinə də toxundu. İlk baxışdan bu, adi məsələ kimi görünə bilər. Ancaq səsləndirilən fikirlərdən belə anlaşıldı ki, Azərbaycan Premyer Liqasını və digər aşağı liqaları idarə edən qurumun səlahiyyətlərinin müəyyən çərçivəyə salınması ehtimalı var. Sitat:

“PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində öz fəaliyyətini davam etdirir. Gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür. Bu, müzakirə oluna biləcək məsələdir. Amma mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək”.

Burada sual yaranır: PFL-in səlahiyyətləri azaldılsa, bundan ölkə futbolu nə qazanacaq?

Onsuz da ölkədə müxtəlif sahələrdə peşəkar idarəetmə çatışmazlığı tez-tez müzakirə olunur. Belə bir şəraitdə nisbətən sistemli işləməyə çalışan bir qurumun fəaliyyət imkanlarının məhdudlaşdırılması nə dərəcədə məntiqli olar?

Əslində, məsələ təkcə AFFA və PFL arasındakı texniki bölgü ilə bağlı deyil. Burada daha dərin idarəetmə fəlsəfəsi və təsir dairəsi ortaya çıxır. Bir tərəfdə strateji qərarları verən, futbolun ümumi inkişaf xəttini müəyyənləşdirən ali futbol qurumu dayanır. Digər tərəfdə isə gündəlik yarışların təşkilini, çempionatın keyfiyyətini və kommersiya tərəfini idarə edən qurum.

Son illərin müşahidələri göstərir ki, PFL çevik qərarlar qəbul etməyə, bazar prinsiplərinə uyğunlaşmağa və operativ işləməyə çalışır. AFFA futbolun bütün seqmentləri üzərində tam nəzarəti saxlamaq istəyir. Bu, müəyyən mənada başadüşüləndir. Çünki nəticəyə görə məsuliyyət də məhz onların üzərinə düşür. Amma bu nəzarət həddindən artıq sərtləşəndə inkişafın qarşısını ala bilər.

Məqsəd həqiqətən də futbolun inkişafıdırsa, o zaman AFFA Peşəkar Futbol Liqasının funksiyalarını azaltmaqdansa, artırsa, daha faydalı olar Azərbaycan futbolu adına. Hətta PFL-in funksiyalarını nə artırmağa, nə azaltmağa ehtiyac var. Buraxmaq lazımdır adamlar işlərini görsünlər, ölkə futbolunun inkişafı üçün əllərindən gələni etsinlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button