Vaqif Saqıdov: “Elvinin elə “Qarabağ”da qalması məsləhətdir”

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin adı son günlər Fransa Liqa 2-də çıxış edən “Sent-Etyen”lə yanaşı hallanır. Bildirilir ki, Cəfərquliyev bu təklifdən imtina edib. Səbəb isə “Sent-Etyen”in 2-ci liqada çıxış etməsi olub.

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da hesab edir ki, Azərbaycan millisinin üzvü 2-ci liqa klubuna keçməməlidir.

Sadıqov Komanda.az-a açıqlamasında bu barədə belə deyib:

“Mən hesab edirəm ki, bizim futbolçulara ayrı-ayrı ölkələrdən dəvət olunması xoşa gələn haldır. Özü də Fransa kimi çempionatdan. Düzdür, burda ikinci liqanı da qeyd etmək lazımdır. Mən belə hesab edirəm ki, bu tip komandaları “Qarabağ”la müqayisə edib qərar vermək lazımdır. “Qarabağ” çıxış etdiyi UEFA Çempionlar Liqasına görə “Sent-Etyen”i qabaqlayırsa, Elvinin elə “Qarabağ”da qalması məsləhətdir. Baxmayaraq, biz arzulayırıq ki, yerli futbolçularımız legioner həyatı yaşasınlar və bununla da Azərbaycan futboluna faydalı olsunlar. Yaddan çıxarmayaq ki, “Qarabağ”dan ayrı-ayrı futbolçular – düzdür, yerli deyildi (İbrahima Vadji) – elə “Sent-Etyen”ə transfer olunmuşdu. Özlərini orda istənilən kimi göstərə bilməmişdilər. Yəni, bu gün Elvin “Qarabağ”da parlayıb və onun oyun modelinə üstünlük verən bir futbolçudur. Və hesab edirəm ki, bu oyunla, göstərdiyi performansla elə-belə olmayıb ki, Azərbaycanın ən yaxşı futbolçusu seçilib. Ona bundan sonra da, bundan da böyük komandalardan təklif gələ bilər. Elvin öz üzərində bundan da artıq çalışmalı və “Qarabağ”la birgə ən yüksək zirvələri fəth etməlidir”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button