
“Gərək mənə mane olmayaydılar” – MÜSAHİBƏ
“Kəpəz” Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”la qarşılaşdı. İlk dəqiqələrdən təşəbbüsü ələ alan bölgə təmsilçisi Ryonosuke Ohorinin vurduğu qolla önə keçdi. Daha sonra elə ilk hissədə qonaqları iki dəfə də meydanın mərkəzinə dəvət edən gəncəlilər yekunda 3:0 hesabı ilə qalib gəldilər.
“Kəpəz”in qapıçısı Yusif İmanov oyundan sonra Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Çox yaxşı oyun nümayiş etdirdiz. Halbuki, ötən tur “Sabah”la matçın son dəqiqələrində buraxılan qoldan sonra “sınmış” komanda ola bilərdiz. Necə toparlana bildiz?
– “Sabah”la matçda da çox yaxşı oynamışdıq. Oyunun nəticəsi ən azından 0:0 idi. Həmin oyunda bir xalı haqq edirdik. Çox şükür ki, həmin oyundan sonra inamımızı davam etdirdik və bu matçda qələbə qazandıq. Bizim üçün vacib oyunlardan biri idi.
– “Sabah”la oyunda niyə dözə bilmədiz? Matçın bitiminə hardasa, 4-5 dəqiqə qalmışdı...
– Məncə, ani diqqətsizlik oldu. Bundan əlavə, onların oyunçularının ustalığı, keyfiyyəti özünü büruzə verdi. Özüm vaxtı ilə orada oynadığıma görə onlara yaxşı bələdəm (gülür). Yəni, bir az diqqətsizlik oldu. Yenə də deyirəm, oyunun ədalətli nəticəsi 0:0 idi.
– Erkən qollar oyunun taleyini həll etdi. Birinci hissədə “Sumqayıt”ı demək olar ki, təslim etdiz.
– Biz həmişə çalışırıq və Azər müəllimin də (baş məşqçi Azər Bağırov) tapşırığı var ki, erkən qol vuraq, oyunu həll edək. Çox şükür ki, bu oyunda alındı. “Qarabağ”la (2:0) matçda da elə olmuşdu.
– “Kəpəz” karyeran necə gedir?
– Yaxşı gedir. Bir az sabitliyi qorumağa çalışıram. Mənim üçün çətin bir dönəm oldu. Bir müddət oynamadım, getdim Kosovoya, qayıtdım bura. Yavaş-yavaş özümdə inkişaf görürəm. Üzərimdə çox işləyirəm və çalışacam ki, daha yaxşı formada olum.
– Amma hələ də ciddi səhvlərin olur…
– Var, ona görə deyirəm də, sabitliyi tuta bilmirəm, tuta bilsəm, hər şey yaxşı olacaq.
– Oyun praktikasının olmaması öz təsirini göstərir?
– Məncə də, bununla bağlıdır. Çünki qapıçı mövqeyi elədir ki, daim oynamalısan. Digər mövqelərdə çıxış edən oyunçu 1-2 oyun oynamasa, 10 oyundan sonra da çıxıb oynaya bilər. Qapı xətti elə bir mövqedir ki, iki həftə meydana çıxmasan, sənin üçün çox çətin olur. Mən də 9 aydan çoxdur oyuna çıxmamışdım, qalmışdım ehtiyatda. İndi-indi hiss edirəm ki, formaya düşürəm.
– Bunun günahkarı sən idin, yoxsa klubların?
– “Sabah”da Vasili Berezutski (komandanın sabiq baş məşqçisi) məni oynatmadı, şans vermədi. Daha sonra isə məni buraxmadılar. Yaxşı komandalardan təkliflərim var idi. Nəinki pulsuz, hətta komandadan buraxılmağım üçün pul təklif edirdilər. Amma buraxmadılar. Nə bilim, düşünürəm ki, gərək mənə mane olmayaydılar. Ən azı gənc qapıçıyam, Azərbaycan millisinin üzvüyəm. Düşünürəm ki, karyerama böyük zərbə vurdular. Ən azından mənə anlayış göstərməliydilər, amma sağ olsunlar, nə etmək olar.
– Və sonda iş məhkəməyə getdi
– İndi bunu danışmaq istəmirəm. Vəkilim var.
– Hər halda, sən haqlı tərəf oldun da bu baxımdan.
– Yəqin ki, haqlı tərəf idim deyə, məhkəməni uddum. AFFA-da oturanlar sağ olsunlar.
– Bəs, Kosovo dönəmini təhlil etdikdə hansı qənaətə gəlirsən?
– Mənim üçün təcrübə idi. Hardasa iki ayyarım orada qaldım.
– Amma meydana çıxmadın…
– Xeyr, çıxmadım. Klubla maliyyə problemlərim var idi, maaşımı ala bilmirdim. Düzdür, sonradan hamısını aldım və məsələyə nöqtə qoyuldu. Məşqçi ilə bir az problem var idi, orada məni başa düşmürdülər. Bir az anlaşılmazlıq oldu. Ona görə qayıtdım gəldim.
– Legioner qapıçı komandadan göndərildi, digərləri də gəncdir. “Kəpəz”də rəqabətsizlik hiss edirsən?
– Açığı, belə deyim, Məmməd Hüseynov, Elgün Bayramov da çox yaxşı qapıçılardır. İndi siz görmürsüz, amma gəlib məşq prosesinə baxsaz, görərsiz ki, çox yaxşı qapıçılardır. Çox məşq edirlər, çox çalışırlar. Ola bilər, bəziləri düşünər ki, “Kəpəz”in hər üç qapıçısı da azərbaycanlıdır, rəqabət olmaz. Amma yox, mən belə düşünmürəm. Çünki üçümüz də çox çalışırıq.
– Milli komandaya qayıtmaq perspektivini necə dəyərləndirirsən?
– Açığı, dəvət gözləyirəm. Milli komandaya kömək etmək istəyirəm. Yaşım azdır, məncə, karyeram hələ irəlidədir. Təklif gözləyirəm məşqçilərimizdən. İnanıram ki, çağıracaqlar.
– Premyer Liqadan düşməyə namizəd “Karvan-Yevlax”, “Kəpəz”, “Qəbələ” rəqabətində səncə, elitada qalan kim olacaq?
– İnşallah, biz qalarıq. Əslində, biz daha yüksək yerlərə layiqik. Olur da, futboldur. İnanıram ki, qalacağıq.
– “Kəpəz”də qalmağı düşünürsən, yoxsa, yenidən Avropa getmək arzun var?
– Bunu yayda danışarıq.
– “Qarabağ” və “Sabah” haqda sualım var. Necə düşünürsən, “Sabah” çempion ola biləcək?
– Kim güclüdürsə, o da çempion olsun.
– Keçmiş komandan “Sabah” çempion olsa, peşman olmayacaqsan?
– Yox, niyə peşman oluram? Öz karyeram var, öz yoluma baxıram. Onlarla heç maraqlanmıram. Uğurlar arzulayıram onlara.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



