“Dinamo”nun hazırkı oyun sistemi Mahir üçün problemdir” – “Sabah”ın keçmiş baş məşqçisi

“Mahir “Qarabağ”ın heyətində Azərbaycan çempionatında bizə qarşı oynayıb və onu çox yaxşı tanıyıram”.

Komanda.az xəbər verir ki, bunu “Sabah” klubunun keçmiş baş məşqçisi Jelko Sopiç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına keçidi barədə deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, 25 yaşlı hücumçunun Polşa “Legiya”sından problemi ayrılmasından və Zaqreb təmsilçisinin onu heyətinə qatmaq istəyindən xəbəri olub:

“Mahir Varşava klubunda yaxşı çıxış edirdi. Bu, futbolçunun özü üçün irəliyə doğru böyük addım, “Dinamo” üçün isə yaxşı transferdir”.

Sopiç, Emrelinin “Dinamo”nun start heyətinə düşməkdə çətinlik çəkəcəyini söyləyib:

“Komanda hazırda 3-5-2 taktiki sxemi ilə oynayır və heyətdə beş hücumçu var. Bunlardan ikisi – Bruno Petkoviç və Mislav Orşiç Xorvatiya millisinin üzvləridir. Serbiyadan olan Komnen Andriç də çox yaxşı futbolçudur. Deni Yuriç gənc və perspektivli forvarddır. Bir sözlə, Jelko Kopiçin hücum xətti üçün beş əsas oyunçusu var. Amma hesab edirəm ki, Mahir yaxşı futbolçudur və yüz faiz oynamaq şansı qazanacaq”. (Report)

48 yaşlı mütəxəssisin sözlərinə görə, Zaqreb klubunun hazırkı taktiki düzülüşü milli üzvünə sağ cinah vingeri kimi oynamaq imkanı verməyəcək:

“Çünki bu sxemdə vinger mövqeyi olmur. Sağ və sol müdafiəçilər olur ki, onlar da bütün cinah boyu irəli-geri qaçırlar. “Dinamo”da bu işi iranlı Sadiq Məhərrəmi və şimali makedoniyalı Stefan Ristovski görürlər. Amma Mahir 4-3-3 taktiki düzülüşündə rahatlıqla oynaya bilər. Bilmirəm, bəlkə də, baş məşqçi oyun sxemini dəyişəcək”.

Sopiç, “Dinamo”nun Emreli üçün yeni imkanlar açacağını vurğulayıb:

“Bu klubun transfer bazarında gördüyü işlər göz qabağındadır. Buradan hansısa iddialı liqaya getmək asan olur. Mahir “Dinamo”nun qış fasiləsində ilk transfer hədəfi olubsa, deməli, onunla bağlı müəyyən planlar var. Futbolçunun fiziki hazırlığının hansı durumda olduğunu bilmirəm. Amma onun keyfiyyətinə bələdəm. Mənə görə top-futbolçudur. Lakin “Dinamo”nun hazırkı oyun sistemi onun üçün problemdir. İstənilən halda, Mahirə uğurlar arzu edirəm”.

Mahir Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button