
Mircavadovdan mövsümün oyunu sayılan “Qarabağ” – “Sabah” matçı haqda AÇIQLAMA
“Qarabağ” Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sabah”la qarşılaşacaq. Çempionluq baxımından vacib olan bu oyun martın 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İllərdir mövsümün bu mərhələsində rəqiblərini aşkar fərqlə üstələyən “köhlən atlar”ın cari ildə bu mənada işləri heç də yaxşı deyil. Komanda hazırda bir oyun az keçirməklə topladığı 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Sabah”dan 7 xal geri qalır. Ağdamlıların ehtiyatdakı oyunu yeni baş məşqçinin (Yuri Vernidub) gəlişindən sonra güclənən və ardıcıl qələbələri sıralayan “Neftçi” ilə olacaq. Qarşılaşma “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offunda “Nyukasl”la keçirilən oyunlar səbəbindən təxirə salınıb. Avropa arenasında mübarizəni dayandıran ağdamlıların bundan sonra tam gücü ilə ölkə çempionatına və kubok oyunlarına köklənəcəyi birmənaladır.
“Qarabağ” – “Sabah” matçı ilə bağlı AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun fikirlərini öyrəndik.
Mircavadov Komanda.az saytına açıqlamasında bu oyunun əhəmiyyətinin həddindən artıq böyük olduğunu bildirdi:
“Çempionluğa hələ var, qarşıda bir neçə tur qalır. “Sabah” 7 xal irəlidədir, amma bu, hələ o demək deyil ki, hər şey həll olunub, yox. “Qarabağ”ın ehtiyatda bir oyunu var. Bu oyunun əhəmiyyəti həddindən artıq böyükdür. Çempion olmaq üçün ya udmalısan, ya da heç-heçə etməlisən, bu, faktdır. Ona görə də, ayın 1-dəki oyun deyərdim ki, çox vacib oyunlardan biridir. Həm “Sabah”, həm də “Qarabağ” üçün. “Qarabağ” “Nyukasl”dan sonra özünə gəlib, sakit halda oynayacaq. “Sabah” da son oyunlarda ağıllı çıxışı ilə qalib gəlir. Yəni, bu il gərgin olacaq. Burada azarkeş amili də olmalıdır. Həm “Sabah”ın, həm də “Qarabağ”ın azarkeşləri var, komandalarına dəstək çıxmalıdırlar. Stadionda heç olmasa 6-10 min azarkeş olanda, hiss edirsən ki, sən futbol oynayırsan. Düşünürsən ki, azarkeş toplusu var, onlar istəyir, sevir və öz klubuna inanır. Bu, vacib amillərdən biridir.
“Qarabağ”da problem o ola bilər ki, Kamilo Duranın (“Nyukasl”la matçda zədələnib) durumu hələ ki, bilinmir. Əsas qol vuran oyunçulardandır. Amma hazırda “Qarabağ”da ehtiyat oyunçular var, bunu “Nyukasl”la matçlarda da göstərdilər. Belə başa düşürəm ki, yaxşı, gərgin oyun olacaq”.
Mircavadov tərəflərin şanslarını belə dəyərləndirdi:
“Hər ikisinin şansı var. Deyək ki, “Qarabağ”ın böyük üstünlüyü var, yox. “Sabah”ın üstünlüyü var, yox. Amma hər ikisində şans var. Bilirsiz, belə matçlar kubokun final oyununa oxşayır. Vacib oyunlardan biridir. Ya rəqiblə xal fərqini qoruyursan və ya, ondan daha da aralanırsan – yəni, bu nüanslar var. Ona görə də, elə düşünürəm ki, ayın 1-dəki oyun çox yaxşı oyun olmalıdır. Həm azarkeşlər baxımından, həm də komandalar tərəfindən. Bizi yaxşı oyunla sevindirsinlər”.
Millinin sabiq baş məşqçisi özü bu matçda heç bir komandaya azarkeşlik etməyəcək:
“Mən futbola, yaxşı oyuna azarkeşlik edirəm. Bizə vacib lazımdır ki, yaxşı futbol oynayaq”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



