Derbisi “Qarabağ” – “Neftçi” oyunu olan Premyer Liqanın…

Azərbaycan Premyer Liqasının 15-ci turunda qeydə alınan azarkeş sayı məlum olub.

Komanda.az xəbər verir ki, turun ilk görüşü olan “Zirə” – “Sabah” matçını (0:2) stadionda 200 nəfər izləyib.

“ASK Arena”dakı “Keşlə” – “Səbail” matçında (0:3) 450, Qəbələ şəhər stadionunda keçirilən “Qəbələ” – “Sumqayıt” qarşılaşmasında (1:0) isə 530 azarkeş qeydə alınıb.

Turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la “Neftçi” arasında olub. 1:1 hesablı heç-heçə ilə başa çatan görüşü 6000 nəfər izləyib. Bu göstərici isə rekord olub. Daha öncə cari mövsümdə bir oyuna bu qədər azarkeş qeydə alınmamışdı. Daha əvvəlki rekord 6-cı turun “Əlincə Arena”da keçirilən “Sabah” – “Qarabağ” (0:2) matçında reallaşmışdı. Həmin oyunu 4500 azarkeş izləmişdi.

Ümumilikdə, 15-ci turda 7180 azarkeş qeydə alınıb ki, bu da hər oyuna 1795 fanat deməkdir. Bu isə cari mövsümün ən yaxşı göstəricisidir.