Deku Qarsiyanı təriflədi: “Barselona”da bu, nadir hallarda baş verir”

“Barselona”nın idman direktoru Deku komandanın müdafiəçisi Erik Qarsiyanın son illərdə göstərdiyi inkişafdan danışıb.

İspaniyalı futbolçu cəmi bir neçə mövsüm ərzində ehtiyat oyunçu statusundan çıxaraq “Barsa”nın əsas heyətinin vacib fiqurlarından birinə çevrilib. O, cari mövsümdə demək olar ki, bütün matçlarda start heyətində yer alır. Qarsiya mərkəzdə çıxış etməklə yanaşı, müdafiənin cinahında və yarımmüdafiə xəttində də oynaya bilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Deku, ispaniyalı futbolçunun keçdiyi yolun xüsusi qeyd olunmalı olduğunu bildirib:

“Qarsiya ictimaiyyətin onun haqqında fikrini tamamilə dəyişə bilən oyunçulardandır. “Barselona”da bu, çox nadir hallarda baş verir. Bu, onun xüsusi mentalitetə sahib olduğunu göstərir. Onun 25 yaşı var və inkişaf etməyə davam edir. O, hər şeyə yalnız zəhməti hesabına nail olub”.

Erik Qarsiya ötən ilin dekabrında “Barselona” ilə yeni müqavilə imzalayıb. Tərəflər arasındakı razılaşmanın müddəti 2031-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button