
“D Liqası Azərbaycana yaraşmayan liqadır” – Açıqlama
Fevralın 13-də UEFA Millətlər Liqasının 2026/27-ci il mövsümünün püşkü atılıb.
Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə, D Liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı birinci səbətdə yer alan milli komanda 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.
Püşkatmanın nəticələrini dəyərləndirməsi üçün “Zirə”nin kapitanı və Azərbaycan millisinin üzvü Qismət Alıyevin fikirlərini öyrəndik.
Alıyev Komanda.az saytına açıqlamasında D Liqasının Azərbaycan millisinə yaraşmayan liqa olduğunu deyib:
“İlk növbədə onu deyim ki, D Liqası ölkəmizə və millimizə heç də yaraşmayan liqadır. Digər ölkələri aşağılamıram, sadəcə olaraq, istər futbolçularımız, istər ölkəmiz adına olsun, düşünürəm ki, Litva və Lixtenşteyn milliləri ilə matçlarda maksimum nəticə göstərib C Liqasına yüksəlməliyik”.
O, Litva ilə Lixtenşteyni münasib rəqiblər hesab edir:
“Desəm ki, D Liqasında hansısa rəqibi üstün sayıram və ya, əksini iddia etsəm, düzgün olmaz. Fikrimcə, Litva atletik komandadır. Toplanıb, oyunlarını təhlil etdikdən, tanıdıqdan sonra nəsə bir fikir bildirmək olar. Hazırda fikrimiz C Liqasına qayıtmaqdır. Biz də futbolçular olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Ayxan Abbasov da (Azərbaycan millisinin baş məşqçisi) gəldiyi ilk gündən başa salmağa çalışır ki, milli komandanı D Liqasından qaldırıb C Liqasına çıxarmaq lazımdır. Bu dəqiqə üçün fikrimiz ancaq budur”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



