
“Busketslə müqayisə olunmaq böyük şərəfdir”
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal klubun sabiq futbolçusu Serxio Busketslə müqayisə olunmasına münasibət bildirib.
18 yaşlı futbolçu La Liqanın 25-ci turunda, “Levante” ilə dünən keçirilən oyunda kataloniyalıların 3:0 hesablı qələbəsinə töhfə verib. O, matçın 4-cü dəqiqəsində hesabı açaraq, komandasını önə çıxarıb. 66-cı dəqiqədə isə baş məşqçi Hans-Diter Flik onu zədəsini yeni sağaldaraq meydanlara qayıdan Pedri ilə əvəzləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi, Busketslə müqayisəni böyük motivasiya hesab etdiyini deyib:
“Busketslə müqayisə olunmaq mənim üçün böyük şərəfdir, amma mən hələ karyeramın başlanğıcındayam. “Kamp Nou”da vurulan hər qol xüsusi emosiyalar yaşadır. Bu, möhtəşəm an idi. “Barselona” dünyanın ən yaxşı klubudur. Əsas heyətdə yer qazanmaq üçün hər birimiz bütün gücümüzü ortaya qoymalıyıq. Bu gün (dünən) əla oyun göstərdik, qalib gəldik və qol buraxmadıq. Buna görə çox məmnunuq”.
Bernal bu mövsüm “Barselona” forması ilə keçirdiyi 23 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



