“Bunları düzəltsək, itirilən xallar minimum olacaq” – Ayaz Quliyev

“Təlim-məşq toplanışı normal keçir. Hazırlıq müddəti elə də uzun deyil, lakin müəyyən yükləmələr olur. Artıq təlim-məşq toplanışında bir yoxlama oyunu keçirmişik”.

Komanda.az xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Ayaz Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, bu gün növbəti yoxlama matçına çıxacaqlarını xatırladıb: “İlk oyunda hamı əlindən gələni etdi. Yoldaşlıq matçı olsa da, futbolçuların oyunundan bəlli olurdu ki, hər kəs futbol üçün darıxıb. Baxmayaraq ki, o qədər uzun fasilə olmayıb. Hamı meydanda əlindən gələni etdi. Futbolçularda böyük istək, arzu hiss olunurdu. Oyun keyfiyyəti baxımından da məncə yaxşı təsir bağışladıq. Əsas odur, qalib gəldik. Qələbə istənilən halda həmişə xoşdur. Əgər bəsit qollar buraxmaqla bağlı səhvlərimizi aradan qaldırsaq, əminəm ki, hər şey yaxşı olacaq”.

Quliyev bildirib ki, rəqibin düşünülmüş, kombinasiyalı hücumundan çox az qol buraxıblar: ” Öz səhvlərimizdən isə qapımızda çox qol görmüşük. Düşünürəm ki, bu da ola bilsin, konsentrasiya ilə bağlıdır. Hər birimiz matçın 90 dəqiqəsi ərzində oyuna maksimum köklənməni qoruyub saxlamalı, bunu itirməməliyik. Əgər bunları düzəltsək, yaxşılaşdırsaq, fikrimcə itirilən xallar minimum olacaq”.

“Sabah” bu gün Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button