
“Bu məsələnin kökündə daha böyük mövzular dayanır”
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Mövsümün son oyununda gənclərə şans verdik. Ola bilsin ki, onlar gələcəkdə Azərbaycan futbolunun əsas simalarına çevrilsinlər. Komandaya gələndə 6 oyunluq məğlubiyyətsizlik seriyası var idi. Çətin vaxtda bu işə başladıq. Legioner transferi olmadan komandanı liqada saxlamaq asan iş deyil. Klubdakı hər kəsə təşəkkür edirəm.
Anlaşılmazlıq həmişə olur. Azarkeşlərdən razıyam. Gəncə fanatları futbolu bilirlər, rəhbərliklə də problemim yoxdur. Qalmağımla bağlı təklif də oldu, sadəcə beynimdə bəzi məsələlər var.
Olduğum yerdə doğruluğun və verilən sözlərin arxasında durmağın tərəfdarıyam. Yəni sabah büdcə problemi olsa, hansısa sıxıntı yaşayıb, azarkeşlər qarşısında pis olacağam. Bu gün bəlkə, kimlərsə bunu doğru qəbul etməz, amma yüz ölçüb, bir biçəcəyəm. Bəzi məsələlər var ki, gözləyirik. Bilinməyən şeylər olduğu üçün qərar vermək çətinləşir. Bu məsələnin kökündə daha böyük mövzular dayanır. Məsələ tək büdcədə deyil. Bir komandanı formalaşdırmaq üçün üç il vaxt lazımdır. Çempion olaq, avrokuboklara düşək, amma nəylə?”
Bizi Facebook-da izləyin



