“Zirə”nin məşqçisi 10 oyunluq cəzalandı – kluba 18600 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Zirə” – “Keşlə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Zirə” klubunun futbolçusu Lazar Corceviç aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, 3200 manat cərimə olunur;

“Zirə” klubunun futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olmasına görə 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;

“Zirə” klubunun məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunur;

“Zirə” – “Keşlə” oyununda stadiona qanunsuz daxil olanlara görə meydan sahibi klub 800 manat cərimə olunur;

“Zirə” – “Keşlə” oyunundan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur;

“Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.