Yenə, yenə, yenə…

Rəşad Ergün

“Gent” “Qarabağ”ın ötən dəfə Konfrans Liqasının növbəti mərhələsinə vəsiqəni əlindən qapdırdığı Fransa “Marsel”i deyil.

“Gent” “Frayburq”, “Nant” da deyil. Belçika təmsilçisi sıradan, çox sıradan bir komandadır. “Qarabağ” azərbaycanlı azarkeşlərin, onu dəstəkləyən yüz minlərlə insanın arzularını, inamını bu sıradan, çox sıradan komandaya qapdırdı.

Hə, ikiəlli razıyam, Azərbaycan Premyer Liqası Belçika çempionatı deyil. Bizdə AFFA-dan maliyyələşən “Səbail, “Sumqayıt”, “Şamaxı”, “Kəpəz” var, onlarda “Anderlext”, “Genk”, “Brügge”, “Standard”. Onların komandaları çempionat oyunlarını azarkeşlərin qarşısında keçirir, bizdə boş tribunaların önündə. Onların futbolundan Kevin de Bruyne, Romelu Lukaku, Eden Hazard çıxır, bizdən Xorvatiyanın Zaqreb “Dinamo”sunda əsas heyətdə özünə yer edə bilməyib, başını götürüb Türkiyənin adı heç bir “dəftər”də olmayan klubuna qaçan Mahir Emreli.

Hə, bunlar hamısı düzdür, həqiqətdir, əlahəzrət faktdır.

Amma bütün həqiqətlərə rəğmən, dünəndən bəri “Qarabağ”a görə üzülən, üzüntüsünü sərt sözlərlə, tənqidlə ifadə edən insanları da anlayıram. Onlar yenə, yenə, yenə və yenə Azərbaycan futbolunun avrokuboklarda qışdan yaza “sağ çıxmamasına” üzülürlər, hirslənirlər, məyus olurlar. Azərbaycan futbolunu avrokuboklarda yaydan payıza, payızdan qışa “sağ çıxaran” yeganə komanda “Qarabağ” olduğu üçün tənqidlərin ona yönəlməsi də normaldır, ən azı, başadüşüləndir.

“Qarabağ” Azərbaycan futbolunun simasıdır, markasıdır, canıdır, qanıdır, nəfəsidir. Qurban Qurbanov bacarıqsız, öz ciblərini güdən, yarıtmaz idarəçilərin yerin dibinə soxduğu ölkə futbolunu basdırıldığı yerdən çıxarmaq üçün illərdir külüng çalan biridir. Bunlar hamısı aydındır və kimsə danmır, dana da bilməz. Ancaq…

“Qarabağ” Azərbaycan futbolunu qışdan yaza “sağ çıxarmanın” yolunu tapmalıdır. Özünə, səviyyəsinə hörmət edən əcnəbi futbolçuların Azərbaycana gəlmək istəməməsinə, yarıtmaz idarəçilərə və ümumiyyətlə, hər şeyin baş-ayaq olmasına rəğmən, Qurban Qurbanov komandasını da, ölkə futbolunu da daha bir üst səviyyəyə, mərhələyə daşımağın “sirr”ini çözməlidir. Artıq insanlar “Qarabağ”ın onlar üçün adiləşdirdiyi avrokubokların qrup mərhələsi ilə yetinmək istəmirlər. Yəqin bunu “köhlən atlar”ın rəhbərliyi, Qurban Qurbanov da istəmir.

Çempionlar Liqasının pley-off mərhələsində Çexiya “Viktoriya”sına məğlubiyyət, sıradan bir komanda olan “Gent” səddini keçə bilməmək – bunların hamısında səbəblər, səhvlər var. Hə, futbol səhvlər oyunudur. Amma səhvlər də onlardan nəticə çıxarmaq üçün deyilmi? “Qarabağ” və Qurban Qurbanov üçün artıq səhvlərdən nəticə çıxarmaq zamanıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button