Bir jestin izi ilə – Bəs, hər şey keçmişdə qalmışdı?

Osman

“Qarabağ” – “Sabah” oyununun üzərindən bir xeyli keçsə də, bu görüş ətrafında polemika tükənmək bilmir. Oyun zamanı “Qarabağ”ın məşqçilərindən birinin “Sabah”ın məşqçilər korpusuna “sus” işarəsi göstərməsi, ardınca qonaq komandanın köməkçi məşqçisi Valerio Zuddasın qarşı tərəfə qeyri-etik jest göstərməsi ilə başlayan mübahisə davam edir. Baxmayaraq ki, oyun zamanı və oyun
sonrası mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas, matçdan sonra isə elə həmin Zuddas özü bu hərəkətə görə qarşı tərəfdən üzr istəmişdi.

Meydanda və oyundan sonrakı üzrxahlığa rəğmən, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında hadisə ilə bağlı verilən sualın cavabında yenidən eyni məsələni dilə gətirdi.

Məsələnin “Qarabağ” tərəfdən çox hallandırılmasından narazı qalan “Sabah”ın prezidenti Maqsud Adıgözəlov isə ölkə mətbuatına verdiyi müsahibədə analoji halın daha öncələr “Qarabağ”ın futbolçusu tərəfindən “Sabah”a qarşı baş verdiyini, lakin “Sabah” tərəfinin bunu gündəmə gətirməyə, “Qarabağ” tərəfdən üzr tələb etməyə lüzum görmədiyini bildirmiş, həmçinin, Qurbanovun ölkə kubokunun finalından sonra “Sabah”ın qalibiyyətinə kölgə saldığını xatırlatmışdı.

Klub prezidentinin bu fikirləri ilə bağlı Qurban Qurbanova yönəldilmiş sualın cavabı isə “keçmişdə olan keçmişdə qalıb, bu suala cavab vermək istəmirəm” olmuşdu. Əslində, Qurbanovun bu cavabı kifayət qədər yerində idi. Yəni, artıq bu məsələnin onun üçün geridə qaldığını, məsələnin onun və klubu üçün qapandığını demişdi.

Lakin AFFA İntizam Komitəsinin son iclasından sonra məsələ yenə qızışdı. Bu dəfə İntizam Komitəsinin “Sabah”ın məşqçisini cəzalandırmaması müəyyən suallar yaratdı. Maraqlıdır ki, İntizam Komitəsi təkcə “Sabah”ın məşqçisini yox, həmçinin, bu komandanın ehtiyat oyunçular skamyasına şığıyaraq italyan məşqçi ilə haqq-hesab çəkməyə çalışan “Qarabağ”ın məşqçilər korpusunu bağışlamışdı. Futbolda olan hər kəs bilir ki, bunun cəzası da ən azı qeyri-etik jest qədər ağır olur.

İntizam Komitəsindən bu məsələ ilə bağlı qərar verilməməsinin səbəbi kimi oyundakı AFFA nümayəndəsinin və baş hakimin bu hadisə ilə bağlı protokolda hansısa qeyd etməməsini göstərdilər. Bu cavabdan bir qədər öncə isə ölkə mətbuatında həmin anların da videosu peyda oldu. Amma bütün hadisəni əks etdirən şəkildə yox, yalnız qeyri-etik jestin nümayiş etdirildiyi 5-10 saniyəlik epizodun. Sanki kimsə, epizodun davamını nümayiş etdirərək “Qarabağ”ın məşqçilər heyətini mümkün cəzadan uzaq tutmağa, əvəzində “Sabah”ın məşqçisini və bu məsələ ilə bağlı qərar verməyən İntizam Komitəsini qınaq obyektinə çevirməyə çalışırdı. Məhz bu amil özü videonun mediaya kimlər tərəfindən ötürülməsi ehtimalını gündəmə gətirir. Burada isə iki sual meydana çıxır:

  1. Bəs keçmişdə olan keçmişdə qalmışdı?
  2. Belə bir görüntü var idisə və “Qarabağ” tərəfi rəqib komandanın məşqçisinin cəzalanmasında belə maraqlı idisə, niyə bu video qərardan sonra yox, qərardan əvvəl yayımlanmırdı?

Yeri gəlmişkən, videogörüntü yayıldıqdan sonra AFFA-nın mətbuat xidmətindən İntizam Komitəsinin məsələyə yenidən baxacağı dilə gətirildi. İndi bir şey maraqlıdır, məsələyə yenidən baxılıb, “Sabah”ın məşqçisi ilə yanaşı, iğtişaşda iştirak edən “Qarabağ”ın məşqçilərinə də cəza verilsə, videonu gündəmə gətirənlər kimə xeyir vermiş olacaqlar?

P.S. Son baş verənlər bir daha sübut edir ki, qarşıda bizi həm maraqlı, həm də gərgin “Qarabağ” – “Sabah” duelləri gözləyir. Artıq yaşıl meydanda baş verən, verməyən hər situasiya meydandan kənara da sıçrayır, əsəbləri tarıma çəkir. Nə deyirik, təki bu gərginlik yaşıl meydandakı futbolu kölgədə qoymasın.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button