
“Zirə”nin futbolçusu: “Böyük büdcə çox önəmlidir” – MÜSAHİBƏ
“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Başa çatmaqda olan mövsümü “Zirə” üçün necə dəyərləndirərdin? Komanda bu mövsüm hədəflərinə nə dərəcədə çata bildi?
– Son iki yaxşı mövsümdən sonra bu mövsüm istədiyimizə nail ola bilmədik. Kuboka çox yaxın idik, son dəqiqələrdə əldən verdik. Çempionat da çox ağır keçdi bizim üçün. Elə bir yarışdayıq ki, hər oyun xal itirmək ehtimalın var. Çox yersiz xallar itirdik və təəssüf ki, yer tuta bilmədik. “Qazandığımız təcrübə oldu” deyərdim.
– Səncə, cari mövsümdə “Zirə” üçün qırılma anı hansı oyun və ya oyunlar oldu?
– Qırılma anı “Kəpəz” və “Şamaxı” ilə oyunlar oldu. Üçüncü dövrədə onlarla oyunlarda itirdiyimiz xallar bizi çox geriyə saldı. Elə oyunlar idi ki, mütləq üç xal qazanmalı idik.
– “Zirə”nin maliyyə baxımından “Qarabağ”dan, “Sabah”dan və “Neftçi”dən çox geri qaldığı deyilir. Doğrudan da, Azərbaycan futbolunda pul çox böyük önəm daşıyır?
– Pul təkcə Azərbaycan futbolunda yox, hər yerdə böyük önəm daşıyır. Yaxşı pul, yaxşı futbolçu deməkdir. Çox maaş bir çox oyunçuya əlavə motivasiyadır. Və böyük futbolçular komandanı ən çətin vəziyyətində xilas edə bilir. Böyük futbolçu da aşağı maaşla çətin tapılır. Ona görə, böyük büdcə çox önəmlidir.
– Klubla müqavilə vəziyyətin necədir? Gələcəyinlə bağlı hansısa qərar vermisən, yoxsa, mövsüm bitəndən sonra dəqiqləşəcək?
– Gələcəyimlə bağlı hələ qərar verməmişəm, mövsüm bitəndən sonra verəcəm.
– Hədəflərin arasında xaricdə oynamaq varmı?
– Xaricdə oynamaq uşaqlıqdan bu günə kimi xəyalımdır. Həmişə legioner həyatı yaşamaq istəmişəm və bir gün mütləq bunu reallaşdıracam.
– Son dönəmlərdə mütəmadi olaraq Azərbaycan millisinə dəvət alırsan…
– Karyeramda ən vacib hədəflərimdən biri daim milli komandada oynamaqdır. Bunu heç vaxt ağlımdan çıxarmıram və orda olmaq üçün əlimdən gələn hər şeyi edirəm. Mütəmadi dəvət almağımın səbəbi, çağırılmaq üçün çox çalışmağımdır.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



