“Bazar günü doğulan uşaq” Yazı+Fotolar
Bu gün Avropa ölkələrinin çempionatlarında forma geyinən çox sayda afrikalı futbolçu var. Onların arasında Məhəmməd Salah, Sadio Mane, Riyad Mahrez, Xalidu Kulibali kimi tanınmışları da var. İllər əvvəl də Avropada “qara qitə”dən olan futbolçular özlərindən söz etdirirdilər. Bu gün biz sizə onlardan biri haqqında danışacağıq. Nvankvo Kanu! Xatırladızmı? Xatırladızsa, başlayaq…
Nvankvo Kanu 1976-cı ilin 1 avqustunda Nigeriyada dünyaya gəlib. Adının mənası “Bazar günü doğulan uşaq” olan Kanu, bir çox futbolçu kimi, uşaq yaşlarından futbola olan həvəsi, sevgisi ilə tanınıb. Futbola ilk gəldiyi vaxtlardan hücumçu mövqeyində oynayan Kanu, 17 yaşadək futbolçulardan ibarət dünya çempionatında mübarizə apardıqdan sonra məşhurlaşır və illərlə gözlədiyi xəyalını gerçəkləşdirir – 17 yaşında “Ayaks”a transfer olunur. Bu transfer onun Avropa karyerasının başlanğıcı da hesab oluna bilər.
Hollandiya təmsilçisinin heyətində istedadını göstərməyi bacaran futbolçu, “Ayaks”da üç il forma geyindikdən sonra “İnter”, “Arsenal”, “Vest Bromviç”, “Portsmut” kimi klublarda oynadı. Onun karyerasının ən yaxşı dövrü isə “Arsenal”da keçirdiyi illər hesab olunur. Bundan başqa, o, 17 il Nigeriya millisinin də şərəfini qoruyub.
1996-cı ildə “İnter”ə transfer olunun Kanuda tibbi müayinələrin birində ürək çatışmazlığı olduğu aşkarlandı. 1997-ci ilə qədər komandaya qoşulmayan futbolçu, bu müddət ərzində verdiyi müsahibələrdə yenidən yaşıl meydanlara qayıdacağına inandığını deyirdi. Bir müddət sonra yenidən yaşıl meydana qayıdan Kanu, 2008-ci ildə afrikalı uşaqlara kömək edən təşkilat da yaratdı.
Kanu Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası, Liqa kuboku qazanan, iki dəfə Afrikanın ən yaxşı futbolçusu mükafatına layiq görülən azsaylı futbolçulardan biridir. Bir sözlə, “Bazar günü doğulan” bu oğlan, “qara qitə”nin ən yaxşılarından biri olmağı bacarıb.
O, özündən 10 yaş kiçik, 18 yaşlı Amaraçi adlı xanımla evlənir. Xanımı bu evlikliklə bağlı danışarkən, bunları deyib:
“Onunla evlənərkən, heç nədən qorxmadım. Futbol azarkeşi deyildim, bu haqda heç bir şey bilmirdim. Amma onun sayəsində futbol azarkeşi oldum”.
Onun oğlu Sean Kanu da atasının yolunu gedərək, futbolçu olmaq istəyir. Hazırda o, “Uotford”un aşağı yaş qruplarında forma geyinir.
Amma Kanunun Amaraçi ilə evliliyi çox uzun çəkmir. 10 il sonra Kanu ikinci dəfə evlənir.
Yaradıcı, sürətli Kanunun hər futbolçu kimi zəif cəhətləri də var. Bunlardan biri, bəlkə də birincisi onun tənbəl olmasıdır. Teatra getməyi, bahalı əşyalara pul xərcləməyi sevən Kanu, həm də avtomobil həvəskarıdır.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin